İranlıların Trampın qərargahına “hücum” etdiyi iddia olunur: Respublikaçının “qorxusu” təsdiqləndi?
ABŞ-də böyük münsiflər heyəti Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahına haker hücumu ilə bağlı bir neçə iranlıya qarşı ittiham irəli sürüb.
Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat verib.
Mənbələrin sözlərinə görə, bir neçə nəfərin adları və hansı maddə üzrə ittiham edildikləri açıqlanmır.
Sentyabrın 18-də Milli Kəşfiyyat İdarəsi Aparatı, Federal Təhqiqatlar Bürosu, İnfrastruktur və Kibertəhlükəsizlik üzrə Agentlikdən bildirilib ki, iranlı hakerlər Trampın seçki qərargahından daxili sənədləri oğurlayaraq hazırkı ABŞ lideri Co Baydenlə əlaqəli şəxslərə və KİV-ə göndəriblər.
Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ kəşfiyyat orqanlarının Tehranın ABŞ prezidentlik kampaniyasına müdaxiləsi ilə bağlı iddialarını əsassız adlandırıb. İrəvani Tehrandan dəqiq cavab almaq üçün ABŞ hakimiyyətindən ittihamlarını sübutlarla dəstəkləməyi tələb edib. Daimi nümayəndənin sözlərinə görə, Vaşinqton nə qədər tez-tez İranın müdaxiləsindən danışırsa, bu bəyanatlar bir o qədər əsassız olur.
Xatırladaq ki, daha əvvəl Donald Tramp “Truth Social” sosial şəbəkəsində dərc etdiyi paylaşımda İranın onun həyatı üçün təhlükə yaratdığını iddia edib.
“İran mənim həyatımı ciddi şəkildə təhdid edir. ABŞ ordusu müşahidə edir və gözləyir. İran artıq addımlar atıb və uğursuzluğa düçar olub, lakin yenidən cəhd edəcək”, – deyə o bildirib.
Tramp əlavə edib ki, o, heç vaxt olmadığı qədər çox insan və silahla əhatə olunub.