İrandan Trampa cavab: Bunun dəhşətli nəticələri olacaq

Baxılıb:32
İrandan Trampa cavab: Bunun dəhşətli nəticələri olacaq

İran ABŞ prezidenti Donald Trampın Yəmənlə bağlı Tehrana qarşı ittihamlarını və təhdidlərini rədd edib.

Bunu İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Səid İrəvani bəyan edib.

O, BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda ABŞ rəsmilərinin, xüsusən də Trampın Tehrana qarşı əsassız və təxribatçı bəyanatlarını qəti şəkildə pislədiklərini bildirib.

Trampın təhdidləri ilə bağlı məktubda “Hər hansı bir hücum xarakterli hərəkətin dəhşətli nəticələri olacaq və Birləşmiş Ştatlar buna görə tam məsuliyyət daşıyacaq” yazılıb.

Qeyd edilib ki, Tehranın Yəməndəki Husiləri silahla təmin etməsi ilə bağlı ittihamlar həqiqətə uyğun deyil və yəmənlilər öz qərarlarında, hərəkətlərində müstəqildirlər.

Məktuba əlavə edilib ki, ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumları bu ölkənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması, sülh və sabitliyə təhdiddir. Həmçinin Təhlükəsizlik Şurası ABŞ-ın hücum və təhdidlərinə qarşı lazımi addımlar atmağa çağırılıb.


Abunəlik