İrəvandan müəmmalı açıqlama: İki stulda oturmaq qəbahət deyil
Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvü olaraq qalır, ittifaqdan çıxmaq məsələsi hökumətin gündəmində deyil.
Bunu 2024-cü ilin yekunları ilə bağlı çıxışında iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
“Avropaya inteqrasiya prosesi paralel gündəmdir, bizim əsas vəzifəmiz birliklər arasında seçim etmək deyil, Ermənistanın Avropa İttifaqında (Aİ) və ya Aİİ-də olmasının əhəmiyyəti yoxdur”.
Papoyan əlavə edib ki, əsas məqsəd kompleks malların istehsalını inkişaf etdirmək, yüksək keyfiyyətli və rəqabətədavamlı xidmətlər göstərməkdir.
Bundan əvvəl Ermənistan hökuməti Avropaya inteqrasiya prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Xarici işlər naziri Ararat Mirzoyan xatırladıb ki, Aİ Ermənistana siyasi dəstək verir, o cümlədən Ermənistan-Azərbaycan sərhədində müşahidəçi missiyası var.