İrəvana qaçan separatçılar Paşinyanın yerlisini özlərinə “lider” seçir – DETALLAR
Qarabağdan Ermənistan qaçan və hələ də İrəvanda fəaliyyət göstərməyə cəhd edən keçmiş separatçı rejimin qalıqları özlərinə yeni “lider” seçməyə hazırlaşır.
Keçmiş separatçı rejimin sonuncu “başçısı” Samvel Şahramanyanın “səlahiyyət müddəti” başa çatır.
Separatçıların qalıqları qondarma “prezident seçkilərini” keçirə bilmədiyi üçün “parlamentləri” yeni “prezident” seçəcək. Şahramanyanın istefasından 7 gün sonra “namizədlər” irəli sürülməlidir. Şahramanyanın özü yenidən “başçı” olmağa tərəddüd edir.
“Hraparak” nəşri yazır ki, separatçılar arasında Samvel Babayanın “namizədliyini” irəli sürmək təklifləri olsa da, o da “başçı” olmaq istəmir.
“Yeni fiqurun adı hallanır. Söhbət (keçmiş qondarma rejimdə) “ərazi idarəetmə və infrastruktur naziri” olmuş Hayk Xanumyandan gedir”, – nəşr yazır.
H.Xanumyan 1984-cü ildə İcevan (tarixi adı Karvansaray) rayonunda doğulub. İşğal dövründə Qarabağda fəaliyyət göstərmiş separatçıların “liderləri” əsasən SSRİ vaxtı bu bölgədə doğulanlar idi. Bu baxımdan, icevanlının separatçılara “liderlik” etməsi diqqət çəkir. Digər diqqətçəkən məqam isə Xanumyanın Paşinyanın yerlisi – erməni baş nazir də İcevanda doğulub – olmasıdır.