İrəvan YENİDƏN QARIŞIR: polis hökumət binasını mühasirəyə aldı

Baxılıb:105
İrəvan YENİDƏN QARIŞIR: polis hökumət binasını mühasirəyə aldı

Hüquq-mühafizə orqanları İrəvanın Respublika Meydanında yerləşən Ermənistan hökumətinin binasını mühasirəyə alıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Agentliyin məlumatına görə, aksiya ərəfəsində şəhərin mərkəzində böyük polis qüvvələri cəmlənib. Xüsusilə, hüquq-mühafizə orqanlarının əməkdaşları hökumət binasının bütün girişlərini bağlayıblar.

Qeyd olunur ki, iyunun 4-də “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq elan edib. Onun sözlərinə görə, qarşıya qoyulan məqsədə çatmaq üçün iyunun 9-na planlaşdırılan etiraz aksiyası əsas rol oynamalıdır.

Əgər müxalifət hərəkatının üzvləri ölkədə hakimiyyət dəyişikliyinə nail ola bilsələr, Qalstanyan keçid hökuməti qurmağı planlaşdırır. Belə bir nazirlər kabinetinin işinin əsas məqsədləri İrəvanla xarici dünya arasında münasibətlərin tənzimlənməsi, cəmiyyətdə barışıq və respublika parlamentinə növbədənkənar seçkilərin hazırlanması olacaq.

Xatırladaq ki, mayın 9-dan etibarən Ermənistan paytaxtında mütəmadi olaraq etiraz aksiyaları keçirilir, onların iştirakçıları Paşinyanın istefasını və ölkənin Azərbaycanla sərhədinin delimitasiyası prosesinə son qoyulmasını tələb edirlər. Sonuncu belə nümayişlərdən biri iyunun 3-də “Vətən uğrunda Tavuş” hərəkatı üzvlərinin Ermənistan İstintaq Komitəsinin binasına yürüş təşkil edərkən baş verib .


Abunəlik