İrəvan necə oldu ki, “ermənilərə verildi” və Bakıda olan “xarici general”ın rolu

Baxılıb:220
İrəvan necə oldu ki, “ermənilərə verildi” və Bakıda olan “xarici general”ın rolu

AzTimes.az tarixçi Solmaz Rüstəmova-Tohidinin bu haqda dəyərli araşdirmasını sizlərə təqdim edir:
“…Ermənilərin (Osmanlı və Qafqazda) hələ XVII əsrdən bəri Avropa, Rusiya və Yaxın Şərq ölkələrinin dəstəyi ilə “Dənizdən dənizə” dövlət yaratmaq uğrunda apardıqları ciddi mübarizə, I dünya müharibəsində qalib Antanta dövlətləri (İngiltərə, Fransa, Rusiya, ABŞ) tərəfində əli silahlı nizami ordularda vuruşması, erməni siyasətçilərinin genişmiqyaslı diplomatik təbliğatın nəticəsi olaraq bu müharibənin sonluğuna yaxın erməni dövlətinin yaranması danılmaz zərurət idi. Söhbət sadəcə, onun hansı ərazilərdə yaradılacağından gedirdi. 1918-ci il üçün erməni milli qüvvələrinin regionda real siyasi və hərbi qüvvə, bu dövlətin yaradılmasının isə artıq həll edilmiş məsələ olduğu, həmin konkret dövrdə bölgədəki siyasi proseslərdə Osmanlı dövlətinin aparıcı rolu, Ermənistanın hansı ərazilərdə yaradılması məsələsini də məhz bu dövlətin həll etdiyi tarixi həqiqətdir.
Azərbaycan Milli Şurası 1918-ci ilin 29 mayında ermənilərə çəmi 9,2 min kv. km. ərazi – İrəvan şəhəri və ətrafını güzəştə getmişdir. Həmin ərazilərdə yaşayan 321 min əhalinin 230 min nəfəri erməni, 80 min nəfəri azərbaycanlı, qalan 11 mini digər millətlərin nümayəndələri idi.
Heç öz paytaxtını qaytarmağa imkanı olmayan Azərbaycan hökuməti İrəvan şəhərini faktiki olaraq özündə saxlaya bilərdimi? Bu şəhəri qoruyacaq Azərbaycan ordusu vardımı? Ümumiyyətlə, azərbaycanlılardan bu “güzəşti” soruşan, ya icazə gözləyən vardımı?..”

“…Mudros sazişinə əsasən I dünya müharibəsində məğlub türk qüvvələri Azərbaycanı tərk etdikdən sonra da Azərbaycan hökuməti hələ tam müstəqil şəkildə fəaliyyət imkanı əldə etmir. Müttəfiq dövlətlərin razılığına əsasən Cənubi Qafqaz, o cümlədən Azərbaycan İngiltərənin təsir dairəsinə verilir.

1918-ci ilin 17 noyabrında gəmi ilə ilk dəfə Bakı limanına qədəm qoyan ingilis hərbi qüvvələrinin komandanı general Tomsonun ilk əmri həmin o bayraqları yerə endirmək olur! Lakin şəhərdə ingilis general-qubernatorluğu yaranmasına və bütün idarəçiliyin, həmçinin Bakının neft mədənləri onun nəzarəti altına keçməsinə baxmayaraq Azərbaycan hökuməti bu mürəkkəb şəraitdə belə geri çəkilmir. Son nəticədə Azərbaycan milli-siyasi qüvvələrinə mənfi münasibət bəsləyən general Tomson cəmi 40 gündən sonra – dekabrın 27-də Fətəli Xan Xoyski hökumətini ölkədə yeganə qanuni hakimiyyət orqanı kimi tanıyır. Bu 40 gündə hansı hadisələrin baş verdiyi və general Tomsonun münasibətinin beləcə, 180 dərəcə dəyişməsinin səbəbləri üzərində dayanmadan, onunla kifayətlənək ki, Azərbaycan Milli Şurası və hökuməti 1918-ci ili Azərbaycan müstəqilliyi və dövlətçiliyinin ən möhtəşəm nailiyyəti – Azərbaycan Parlamentinin yaradılması ilə başa vurur!
“Vəhşi, barbar, qaragüruhçu müsəlmanlar” əvəzinə (rus-erməni milli komitələrinin təqdimatı) Avropa düşüncəli, bir neçə xarici dillərdə danışan, sivil, mədəni dövlət xadimləri ilə üzləşən general Tomsonu öz müttəfiqinə çevirməyi bacaran Cümhuriyyət xadimləri sonrakı 1919-cu ildə məhz bu generalın dəstəyi ilə həmin dövrün ən müşkül problemini – Qarabağ məsələsini həll edir, Xosrov bəy Sultanovun başçılığı altında Qarabağ qubernatorluğunun təşkil olunmasına, Qarabağın erməni əhalisinin Azərbaycan hökumətini tanımasına, erməni qoşunlarının Qarabağdan və Zəngəzurdan qovulmasına, rus generalı Biçeraxovun və onun erməni-daşnak qoşununun Bakıdan çıxarılmasına nail olurlar. Paris Sülh Konfransına yollanan, lakin Fransa tərəfindən məqsədli şəkildə viza verilməyərək 4 ayadək İstanbulda yubanan Azərbaycan nümayəndə heyəti də məhz ingilis generalının təqdimatı ilə Parisə gedib çıxa bilir.
İstər İngilis Komandanlığının Azərbaycanda olduğu, istərsə də sonrakı, tam müstəqil şəkildə mövcud olduğu 8 ay ərzində Azərbaycan hökuməti ölkə ərazisinə nəzarətini bərpa edir, Qarabağla yanaşı, Muğan separatizmini də yatırır, Cavad, Lənkəran qəzalarında öz hakimiyyətini bərqərar edir…”
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir