İntihar Marafonuna Son!
Psixoloq Xatirə Səfərova yazır…
Qərara gəldim bütün hadisələri öz adı ilə yazım. Bu heştaqı da yaratdım ki, mənə dəstək olasınız və bir yerdə gənclərimizi xilas edək!
Əminsiniz ki, növbədə sizin övladınız deyil?! Bütün gənclər elə bizim uşaqlardır, gəlin, onları xilas edək!
Maraqlı sualdır doğrudurmu? İndi hamınız sual verəcəksiniz ki, kimdən, nədən qoruyaq? Elə birinci növbədə özümüzdən onları xilas edək! Müəllimlərin mənasız hazırlıq proqramından, ailədə heç bir işə yaramayan tərbiyəvi söz yığımından, onun musiqi zövqünə əl uzatmaqdan, arzularını anlamamaqdan və sair və ilaxır. Çoxdur, çox deyəcəklərim!
Bu gün bir sayta intihar edən gəncin müəlliməsinin müsahibəsini oxudum. Təxminən belə idi idi:
Müəllimənin müsahibəsindən:
“Çox ağıllı tərbiyəli uşaq idi …”
Hər şey bu cümlələrdən başlayır …
Gözlərimi iki gündən bir intihar mövzusu ilə açıram. Mən vətəndaşlara yardım etmək istəyirəm. Bütün valideynləri, cəmiyyəti yeni düşüncə yaratmağa dəvət edirəm.
21-ci əsrdə artıq bütün sistem dəyişib, siz hələ də imtahan mövzularında uşaqlarınızı oda atırsınız?
Yuxarıdakı sözlərə diqqət: Çox ağıllı, tərbiyəli uşaq idi …
Yox, qoy olmasın ağıllı, əvəzində özünə güvənərək sözünü deyən olsun!
Tərbiyəli uşaq idi! – Bu yaşda tərbiyəsizlik nə ola bilər görəsən, onu heç anlaya bilmədim?! Və əgər özünü qoruya bilməmək; bir müəllimin uşağa “qoyun kimi niyə baxırsan?” deyərək bütün uşaqların içində xitab etməsinə qarşılıq olaraq, uşağın “müəllim, hansı qoyun, merinos?” – yumorist hazır cavablığı yoxdursa, qoy, tərbiyyəli olmasın!
Əziz valideynlər, siz hələ də davam edin. Uşaqlara “Bax, görürsən, Səmayənin qızı 700 bal toplayıb” – sənin kimi telefondan asılı qalmadı, getdi və universitetə girdi!
İntihar açarını artıq bu kəlmənizlə hədiyyə etdiniz övladınıza!
Psixoloji biliklər baxımından 10 illik karyera və təcrübəm var. Dünya təcrübəsinə nəzər salaraq, bir dəfə də olsun uşağa dur, dərsini oxu sözünü deməmişəm!
Əksinə, onun əvəzinə hər dəfə maraqlı söhbətlər etmişik. Məsələn, “Sən əgər dərs oxusaydın, hansı müəllimin fənnini yaxşı oxuyardın?”
“Sən əgər müəllim olsaydın, necə edərdin ki, sənin kimi şagird onun dərsini yaxşı oxusun?”
İnana bilməsəniz də, əmin olun ki, bu texnika sizin – “Get dərsini oxu!” əmrinizdən qat-qat üstündür. Amma, görünür, siz bu dünyadakı “sosial konfarmizm” qurbanısınız! Camaat nə deyər?!
Siz niyə elə fikirləşirsiniz ki, camaat sizin uşaqları düşünür? Camaat heç sizi görmür, çünki hər kəs öz ehtiyaclarının ardınca qaçır. Niyə özünüzü və övladınızı Akif dayının, Səmayə xalanın edam meydanında hiss edirsiniz? Nə olacaq, onlar sizi hamının gözü önündə meydana çıxarıb edam edəcəklər?
Bu sizin illüziyanızın bəhrəsidir və məhz ona görə də uşaqlar həmin meydanda yox, yuxarıdakı müsahibə verən müəllimin fikirləri kimi öz meydanında asır!
Müsahibə verən müəllimin digər fikirləri:
“63 bal toplayıb, bu, onun üçün çox az idi. Çox savadlı uşaq olub. Axırıncı dəfə onu imtahandan sonra gördüm, mənə dedi ki, “Müəllim, imtahanı yaxşı vermişəm, yüksək bal toplayacağam. Öz gözləntisi yüksək idi. Yəqin ki, öz-özlüyündə xəcalət hissi keçirib.”
Bu yaşda uşaq hansı xəcaləti çəkə bilər görəsən! Hətta müəllimə bu hərəkətə örnək kimi yanaşır! Əlavə olaraq o deyə bilərdi ki, baxın mən də oxumuş insanam, amma sadəcə maaşa baxan adamam, əziz uşaqlar təkcə intellektuallıq insanı ucaltmır, başqa bacarıqlarınız var ki, gizlidir, sizdə yatır. Siz onları özünüzdə tapsanız dünyanı kəşf edəcəksiniz! Oxumaq, bal toplamaq bunlar müvəqqəti tramplindir ki, gedib içinizdəki xəzinəni tapasınız!
Eh, haradadır bu fikirlərlə uşaqlarımıza motivasiya verən müəllimlər!
Söz oyunu yoxdur bizlərdə! Lakin, əvəzinə insan ölümü oyunu var!
Fikirlər tamamən özümə məxsusdur, ardı var…oxu.az