İnsanovun ölü doğulan vədləri və hikkəsi…

Baxılıb:297
İnsanovun ölü doğulan vədləri və hikkəsi…

Əli İnsanov həbsdən 14 il sonra çıxdı. Çıxan kimi də cəmiyyətə göstərdi ki, nazir olanda necə qaba biri idisə, indi 5 qatıdır. Sadəcə, indi qisasçılıq obyekt və subyektləri dəyişib. 

2005-ci ilin oktyabrında həbs olunan Ə.İnsanov ibtidai istintaqı başa çatdıqdan sonra təxminən 6 ay Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olundu. Onun məhkəmə prosesinin bütün iclaslarında – ilk gündən hökm oxunanadək – iştirak etmişəm, geniş reportajlar yazmışam. Əksər iclasları stenoqram şəklində dərc etmişik “Yeni Müsavat” qəzetinin səhifələrində.

Bu müddətdə Əli İnsanovu həm də tanıya bilmişəm.

Qısaca düşüncəmi deyim: Bəlli, bu adam YAP-ı quranlardan olub, amma dara düşən kimi, faktiki öz əqidəsinə xəyanət edib, dönük çıxıb. Məsələn, indiyədək xeyli YAP funksioneri həbs olunub. Onların əksəri öz siyasi əqidəsindən dönməyib. Sabiq deputat, YAP fəalı Gülər Əhmədova da qadın olmasına rəğmən öz əqidəsini şəxsi maraqlarına dəyişmədi…

İnsanov isə davranışları ilə göstərmiş oldu ki, ideologiya adamı deyil, sırf öz maraqlarına oynayan bir iddialı, hikkəli şəxsdir. Sırf korporativ maraqlarla yaşayan adamdır. Hətta şəxsi mənafeyi tələb etdiyi üçün vaxtı ilə – nazir olarkən söyüb, təhqir etdiyi adamlardan məhkəmənin ilk iclasında üzr istədi. Dedi ki, Rauf Arifoğludan, İsa Qəmbərdən üzr istəyirəm, məni bağışlayın. (Əlbəttə, üzr istəmək yaxşı ənənədir. Fəqət İnsanov bunu quyruğu qapı arasında qaldığı üçün etmişdi, vicdan və dürüstlükdən deyil)…

Siyasi ideologiyasına münasibəti isə lap film kimi oldu: Söylədi ki, indiyədək yanlış yolda olmuşam. Obrazlı desək, Kərbəlayi İsmayıla (“Axırıncı aşırım”) nəzirən, silahını götürüb keçdi bu tərəfə…
Əslində, bu gün də bəlli deyil ki, hansı tərəfə keçib, amma fakt odur ki, öz əqidəsini fərdi maraqlarına satıb…

Məncə belə olmamalıdır ideologiya adamı. Öz qurduğu partiyanı, əqidədaşlarını satmaq təxminən dar ana düşəndə bütün yoldaşlarını, dəyərləri satmaq kimi bir şeydir. Özünün müəyyən etdiyin dəyərə bir andaca xəyanət etmək çox ağır məsələdir. Bu səbəbdən arxayın olaq ki, o, öz siyasi karyerasını faktiki olaraq 2006-cı ildə bitirib. İndi həbsdən çıxanda kamera görüb, coşması da hikkəsini, qisasçılığını və müdrik adam olmadığını göstərir. Sadəcə içində bir kin var, bir az onu püskürüb dayanacaq…

O, çox sözlər deyə, çox vədlər verə bilər, amma bunları yerinə yetirməyə nə gücü, bazası var, nə də şərait…

Yeri gəlmişkən, dəyərli qərbi azərbaycanlıların da onun ətrafında cəmləşəcəkləri haqda iddialar da sadəlövhlükdür. Nədən ki, bu camiəyə ən böyük pisliyi Əli İnsanov edib və onlar bunun fərqindədir. Məhz İnsanovun iqtidara xəyanətkarlığı səbəbindən minlərlə qərbi azərbaycanlı vəzifəsini, işini, bir çoxları böyük biznesini itirdi…

Həə, bayaq onun vədlərindən danışırdıq. Onun bir vədini də xatırladım.
Demək, Əli İnsanov məhkəmə iclaslarında çıxış etməzdən öncə zala diqqət yetirirdi, deyirdi ki, “bizim qəzetlər” (nazir olanda ağır təhqir etdiyi “Yeni Müsavat”ı və “Azadlıq”ı nəzərdə tuturdu) burdadırmı? Və üzünü elə ancaq bizə tutub danışırdı. Əslində isə biz sadəcə, məhkəmədən stenoqram yazırdıq, onun da fikirlərini olduğu kimi verirdik tarix üçün. İnsanov isə bu fürsətdən yararlanaraq, bir açıqlama, vəsatət vermək istəyəndə məhz bu iki qəzetin əməkdaşı üçün danışırdı.
Bəzən səhərlər məhkəmə iclasına 15-20 dəqiqə yubanırdım, yolum çox uzaq idi deyə. Bir gün İnsanov məhkəmə iclası başlayanda alovlu çıxış etmək istəyib, görüb zalda yoxam, dayanıb gözləyib. Mən içəri girəndə sanki “çiçəyi çırtladı”, dedi, bəs səni gözləyirəm, yubanmısan bu gün prosesə. Hakim də bu yandan irad tutdu ki, iclas başlayandan sonra girmə bir də zala. Dedim ki, möhtərəm hakim, yolum çox uzaqdır, ona görə yubanıram bəzən. İnsanov da qayıdasan ki, maşının yoxdur sənin? O dönəmdə maşınım yox idi, dedim yoxdur. Qayıtdı ki, sağlıq olsun, məhkəmə bitsin, sənə qəşəng bir maşın bağışlayacam…

Bu dialoqu elə məhkəmə reportajında da yazmışdım o zaman. Sonralar bir köşə yazım da olmuşdu, hökm oxunandan sonra…
Əlbəttə ki, bu vəd əslində ölü doğulmuş, bir dönük siyasətbazın xal toplamaq üçün yalançı vədi idi. Ən əsası, bizlər ondan hədiyyə alacaq biri də deyilik. Sadəcə, adam yaranmış fürsətdə boş vədlər ustasıdır…
Onun azadlığa çıxan kimi verdiyi guya xalq üçün olan vədlər də ölü doğulmuş vədlərdir, başqa heç nə.

Alovlu çıxışı da qeyri-səmimidir. Onu Qərb heç zaman iqtidardan tələb də etməyib. Çünki faktiki olaraq korrupsioner kimi tutulub.

Birmənalı şəkildə onu məhz Azərbaycan Prezidenti humanizm göstərərək azad edib. Etməyə də bilərdi, İnsanov ömrünü türmədə başa vura da bilərdi, nə Qərb, nə Şərq onu axtarası da deyildi. Bu tam dəqiqdir. Və o da sirr deyil ki, prezident İlham Əliyev hansısa xarici təzyiq səbəbindən atmır belə addımları. Bunu ötənlərdə görmüşük, bilmişik və bir prezident üçün yüksək dəyərləndirilən xarakterdir. Sübut olunub ki, xahişi bir dövlət başçısı kimi birbaşa onun özündən etmək doğrudur, nəinki hansısa absurd ünvanlara gözünü zilləmək…
Faktiki və de-yure İnsanovu prezident azad etdi. İnsanov bu humanizmin qarşılığında nə etdi bəs?

Əgər bir insan onu gözləmədiyi halda həbsdən azad edən adama təşəkkür etmək cəsarətinə, mədəniyyətinə sahib deyilsə, ondan heç nə çıxmaz. Nəinki lider, heç normal vətəndaş da olmaz. Bu bir insanlıq məsələsidir həm də. Lap tutaq ki, siyasi rəqib olmaq istəyirsən. Bunun üçün ən azı deyə bilərdin ki, bu humanist addıma görə təşəkkür edirəm, ancaq siyasi rəqabətimi davam etdirəcəm. Sitat gətirdiyi Qərb mədəniyyəti də, Azərbaycan mədəniyyəti də, bütövlükdə siyasi mədəniyyət də bunu tələb edirdi…

Amma o, məhkəmədən çıxıb siyasi-ictimai xadim, müdrik qoca kimi deyil, bir “qaqaş”, kriminal avtoritet davranışları sərgilədi.
Soyadın İnsanov olması heç də yaxşı, mükəmməl, mədəni insan olmaq demək deyil…

14 il necə idisə, bu gün 5 qatıdır…

Elşad Məmmədli.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir