“İndiki ərəfədə onun bütün bəyanatları hiyləgərcəsinə davranışdır” – konkret məqsədlərə xidmət edir
Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 6-da bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyə hazırdır, əgər Azərbaycan da buna hazır olsa.
İşğalçı ölkənin baş naziri münaqişənin nizamlanmasının qarşılıqlı güzəştlər əsasında həyata keçirilməli olduğunu deyib.
Nikol Paşinyanın “güzəşt” bəyanatının səmimiliyinə isə inanan yoxdur.
Bu barədə politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın bu açıqlaması əslində heç bir güzəştə getmək niyyətində olmadıqlarını göstərmiş oldu. Paşinyan aldadıcı hiyləgər manevr edir: “Onun cümləsinə diqqət edin: ”Əgər Azərbaycan güzəştə gedərsə Ermənistan və Dağlıq Qarabağ da güzəştə getməyə hazırdır”. Görünüdüyü kimi, o, hətta Dağlıq Qarabağ ifadəsini də tərəf olaraq işlədirsə bunun nəyi güzəştdir? Əksinə, bu, işğalçının güzəşt fikrində olmadığını, vəziyyəti daha da kəskinləşdirmək xəttində olduğunu nümayiş etdirir. Hələ bu azmış kimi, Nikol Paşinyan cəmi bir neçə saat sonra BBC-yə müsahibəsində həm “Qarabağ Ermənistandır” deyir, həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini atır kənara. Elə həmin gün axşam Ermənistan Bakı-Tiflis-Ceyhan boru xəttinə raket atıb. Bütün bunlar bir daha göstərir ki, Ermənistan baş nazirinin “güzəştə hazırıq” açıqlaması aldadıcı manevr cəhdidir və Ermənistan heç bir güzəştə getmir.
Azərbaycan da heç Ermənistandan güzəşt tələb etmir. Azərbaycan əsas şərtini bəyan edib və bunun yerinə yetirilməsini tələb edir. İndi Nikol Paşinyan o vəziyyətdə deyil ki, bizə hansısa bir güzəşt vəd etsin. Paşinyan Azərbaycanın bəyan etdiyi şərti yerinə yetirməlidir, Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır. Paşinyan isə buna getməyə hazır olmadığını nümayiş etdirir. Ona görə də birmənalı şəkildə aydındır ki, Nikol Paşinyanın güzəştə hazır olduğu barədə həmin açıqlaması beynəlxalq aləmi aldatmaq üçündür. Erməni baş nazir beynəlxalq aləmdə guya sülhpərvər imicini yaratmaq istəyir, o, bununla belə bir rəy yaratmaq istəyir ki, guya Ermənistan güzəştə hazırdır, amma Azərbaycan müharibəni davam edir. Onun bu aldadıcı manevri baş tutan deyil. Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərini, dinc insanları bombalayan Ermənistanın “sülhpərvər, güzəştə hazır ölkə” olduğuna kimsə inanmaz”.
Politoloq sonda vurğuladı ki, Azərbaycan Ordusu daha çox əraziləri işğaldan azad etdikdən sonra Ermənistan rəhbərliyi real güzəştə hazır olduqlarını bəyan edəcək.
AMİP sədrinin müavini, politoloq Elşən Mustafayev isə bildirdi ki, Nikol Paşinyanın “Dağlıq Qarabağ güzəştlərə hazırdır və eyni addımı Azərbaycan atmalıdır” bəyanatı erməni xislətinə uyğun deyilmiş növbəti yalanlardan biridir: “Artıq hamı bilir ki, Paşinyanın indiki ərəfədə verdiyi bütün bəyanatlar hiyləgərcəsinə verilmiş və konkret məqsədlərə xidmət edir. Paşinyanın son günlər çıxışlarına və müsahibələrinə baxanda onun panik halında olduğunu və eyni zamanda bu panikanın onda psixi problemlər yaratdığını görmək olar. Əslində o, gözləmədiyi bir situasiya ilə üz-üzədir. Minlərlə əsgərinin, hərbi texnikasının itirilməsi hesabına bir-birinin ardınca işğal etdikləri ərazilərin ordumuz tərəfindən azad olunması Paşinyanı çıxılmaz vəziyyətə düşürüb. Belə bir vəziyyətdə onun adekvat olmadığı bir daha aydın oldu. Döyüşlərin başladığı ilk gündən o, düşünürdü ki, aralarında olan soyuq münasibətlərə baxmayaraq Rusiya hər zamankı kimi prosesə müdaxilə edəcək. Məhz bu günə kimi belə halın baş verməməsi də onun panik halda bir-birini təkzib edən bəyanatlar verməsinə səbəb olur. Son bəyanatı ilə həm də beynəlxalq aləmə çatdırmaq istəyir ki, biz güzəştlərə, problemin sülh ilə həllinə razıyıq, ancaq Azərbaycan yox. Amma eyni zamanda sonradan “Qarabağ Ermənistandır” deməklə öncədən bütün dediklərini alt-üst edir. Çox güman ki, ikinci bəyanatı ilə içəridəki millətçi kəsimi və xaricdəki erməni lobbisini arxayın etmək istəyir. Çünki artıq məlumatlar var ki, ölkədə xüsusilə hərbçilər arasında onun nüfuzu aşağı düşüb, bir çox hallarda isə heç sözü də keçmir. Belə vəziyyətdə hələ də Rusiyadan ümidlərini kəsmək istəmir. Rusiyada olan ermənilər və onlara xidmət edən qruplar bütün gücləri ilə Kremldən hadisələrə müdaxilə etməyi tələb edirlər”.
Ekspertin sözlərinə görə, hələ ki ermənilər bu istiqamətdə istədiklərini ala bilmirlər. Aydındır ki, uzun illərin təcrübəsinə əsaslanaraq Azərbaycan Paşinyanın “güzəşt” bəyanatlarına heç vaxt inanmayacaq: “Qarabağı Ermənistan hesab edən bir tərəf hansı güzəştlərdən danışa bilər. Prezidentin bəyan etdiyi və bütün xalqın da dəstəklədiyi bir şərtlə danışıqlar ola bilər. Erməni hərbi birləşmələri ərazilərimizdən çıxandan sonra danışıqlar prosesinə başlamaq olar. Yəni sülhün yeganə rolu torpaqlarımızın azad olunmasından keçir. Hesab edirəm Paşinyanın tez-tez bir-birini təkzib edən bəyanatlar verməsi haqq davamızın ədalətli olduğunu bir daha sübut edir və bundan maksimim istifadə etmək lazımdır”.
“Yeni Müsavat”