İlon Maskın bu sözləri Avropanı qarışdırdı: onu görün nə ilə hədələdilər
Böyük Britaniyanın baş naziri Keir Starmer və “X” sosial media platformasının sahibi İlon Mask arasındakı polemika bütün Avropaya yayılıb.
Maska Avropa İttifaqı Komissiyasından xəbərdarlıq edilib.
Avropa Komissiyasının daxili bazardan məsul üzvü Thierry Breton “X” platformasından göndərdiyi məktubunda Maska İngiltərədəki ifrat sağçı zorakılığı xatırladıb. O bildirib ki, platformada nifrət nitqi və zorakılıq çağırışlarına qarşı tədbir görülməlidir, əks halda şirkət Avropada məhdudiyyətlərlə üzləşə bilər.
“Biz Avropa İttifaqında seçkilərlə bağlı müzakirələr və müsahibələr də daxil olmaqla, böyük siyasi və sosial hadisələrlə bağlı zorakılıq, nifrət və irqçiliyə sövq edə biləcək məzmunun yayılması ilə bağlı potensial riskləri izləyirik”, – Breton məktubunda bildirib.
Qeyd edək ki, Mask İngiltərədəki ifrat sağçı zorakılıqla bağlı Starmeri hədəf alıb. O, İngiltərənin immiqrasiya siyasətini tənqid edən paylaşımlar edərək, “vətəndaş müharibəsi qaçılmazdır” deyib.