İlham Əliyev: “Paşinyanla çoxsaylı görüşlərim olub, amma onların hamısı mənasız idi”

Baxılıb:354
İlham Əliyev: “Paşinyanla çoxsaylı görüşlərim olub, amma onların hamısı mənasız idi”

“Başqa yol qalmır, bilirsiniz, başqa variant yoxdur. Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

“Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir. O, vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir”, – dövlət başçısı əlavə edib.

Prezidentin jurnalistin “Siz hazırda cənab Paşinyanla bir masa arxasında oturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur?” sualına cavabı isə belə olub:

“Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısı tamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna olmaqla. O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq.

Bu, onun Ermənistanda rəhbərliyinin ilk aylarında mənə söylədikləri idi. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi ki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur. Dedi ki, “Qarabağ Ermənistandır”. Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlar aparmalıdır.

Beləliklə, o, danışıqlar prosesini pozmaq üçün hər şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm. Bu yaxınlarda bizim xarici işlər nazirlərimiz Cenevrədə görüşüblər və mən düşünürəm ki, hazırda bu, təmaslar üçün doğru formatdır”.


Abunəlik