İlham Əliyev: “Belə çıxır ki, varlılar vaksinasiya olunacaq, amma kasıb ölkələr əziyyət çəkəcək?”

Baxılıb:303
İlham Əliyev: “Belə çıxır ki, varlılar vaksinasiya olunacaq, amma kasıb ölkələr əziyyət çəkəcək?”

“Sözdə insan hüquqlarından, demokratiyadan danışan ölkələr təcrübədə milyonlarla insanın hüquqlarını əlindən alırlar”.

Bu sözləri Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib:

“Qoşulmama Hərəkatının” sədr ölkəsi kimi beynəlxalq səviyyədə qaldırdığımız məsələ ilə bağlı danışmaq istəyirəm. Bizim təşəbbüsümüz ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyası keçirildi. Hansı ki, bu təşəbbüs 150-dən çox ölkənin dəstəyini aldı. Bu sessiya keçən ilin dekabrında baş tutdu. Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinin dünya dövlətləri arasında ədalətli şəkildə, milli ayrı-seçkilik olmadan paylanması idi. Ancaq biz başqa şey gördük. Görürük ki, hətta müttəfiqlər arasında ciddi problemlər yaranır. Kimin nə qədər vaksin istifadə etdiyini, kimin kimə nə qədər vermədiyini saymağa başlayırlar. Bu vəziyyət bir daha göstərir ki, həmrəyliklə, birgə mübarizə ilə bağlı bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əksi müşahidə olunur. 

Bir sıra ölkələr vaksini lazım olandan 3-4 dəfə artıq alıblar, amma bu onların vecinə deyil. Kanadanı buna misal çəkə bilərik. Bu o deməkdir ki, kiməsə vaksin çatmayacaq. Axı onlara bu qədər lazım deyil. Amma bu onları maraqlandırmır. Onlar ancaq sözdə bərabərlikdən, insan hüquqlarından və demokratiyadan danışırlar. Praktikada isə milyonlarla insanın hüquqlarını əlindən alırlar. O insanların ki, kasıb ölkələrdə yaşayırlar, o insanların ki, buna imkanları çatmır.

Açıq deyim ki, əgər bütün istehsalçılarla razılıq əldə etməsə idik biz də vaksinsiz qalacaqdıq. Biz “AstraZeneca”nı çoxdan əldə etməli idik, əldə etmədik. Artıq bir neçə aydır. “Sputnik” peyvəndini əldə etmədik. COVAX xətti ilə “Pfizer” və “Moderna” vaksinlərini əldə etməli idik, əldə etmədik. Və bizə bunları nə vaxt əldə edəcəyimizi demirlər.

Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Və bizim bu vaksinləri almaq üçün vəsaitimiz var. Bəs vəsaiti olmayanlar nə etsin? Onlar ölməlidir? Belə çıxır ki, varlılar vaksinasiya olunacaq, amma kasıb ölkələr əziyyət çəkəcək?

Mən məhz bu məslə ilə bağlı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasında məsələ qaldırmışdım”.

Prezident qeyd edib ki, hazırda “Qoşulmama Hərəkatı” çərçivəsində bu məsələ geniş müzakirə olunur:

“Mənim təklifim çox sayda dövlətlər tərəfindən dəstəklənir. Biz artıq müzakirələrdən fəaliyyətə keçməliyik. Artıq heç bir mənası olmayan şablon ifadələrə son vermək lazımdır. Hamı bunlardan bezib. Biz hamıya aidiyyəti olan bu məsələ ilə bağlı həm milli səviyyədə, həm də BMT-dən sonra dünyada ikinci beynəlxalq təşkilata sədrlik edən ölkə olaraq prinsipiallığımızı qoruyuruq”.Oxu.az.


Abunəlik