İkiüzlü Aİ-nin “səlib yürüşü”: eyni hüquq Kiyevə aiddir, Bakıya yox
Avropa strukturları beynəlxalq hüquqa ikili standartlardan yanaşması ilə məşhurdur. Əgər maraqlarına cavab verirsə, beynəlxalq hüququn prinsiplərini yada salır, əks təqdirdə, “üç meymunu” oynayırlar: görmürlər, eşitmirlər, danışmırlar!
Avropa Komissiyasının xarici siyasət üzrə nümayəndəsi Piter Stanonun son açıqlaması Avropa İttifaqının klassikləşmiş ikiüzlü siyasətinin yüksək səviyyədə etirafı idi. Stano Ukrayna ordusunun Rusiyanın Kurks vilayətinə müdaxiləsini şərh edərkən bildirib ki, bu, beynəlxalq hüquqa uyğundur.
“Beynəlxalq hüquqa görə, Ukraynanın “özünü müdafiə etmək, xüsusən də öz ərazisində təcavüzkara zərbə endirmək üçün qanuni hüququna malikdir”, – Stano deyib.
Doğrudur, beynəlxalq hüquq Ukraynaya özünümüdafiə haqqını tanıyır, lakin bu, təkcə Ukrayna üçün deyil, beynəlxalq hüququn bütün subyektlərinə aiddir, o cümlədən, Azərbaycana. O zaman, sual yaranır: Azərbaycan öz torpaqlarını azad edəndə, ərazisindəki separatizmə qarşı mübarizə aparanda Avropa İttifaqı niyə beynəlxalq hüquq qarşısında “üç meymunu” oynayırdı?!
Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistan işğalında qalsa da, Avropa İttifaqı başda olmaqla özünü beynəlxalq ictimaiyyətin əsas ruporu adlandıranlar beynəlxalq hüququn tələblərinə əsasən işğalçıya qarşı nəinki addım atmadı, sıradan irad belə bildirmədilər.
Qarabağ məsələsi Avropa İttifaqının yadına yalnız 2020-ci ildə – Vətən müharibəsində düşdü. İşğalçı Ermənistan Azərbaycanın mülki vətəndaşlarına hücum edəndə Azərbaycan özünümüdafiə məqsədilə əks-hücum əməliyyatına başladı və 44 gün ərzində torpaqlarını azad etməklə Qarabağda BMT-nin məlum 4 qətnaməsini və beynəlxalq hüququ təmin etdi. Bu gün Ukraynanın özünümüdafiə haqqından danışan Aİ rəsmiləri isə Azərbaycanın özünümüdafiə haqqını tanımır, əksinə, Ermənistanın maraqları naminə rəsmi Bakıya qarşı “səlib yürüşü” həyata keçirirdilər.
44 günlük müharibədən sonra Qarabağda və sərhəddə Azərbaycanın qarşı mütəmadi olaraq təhlükələr yaradılırdı. Qarabağda qalan erməni separatçılar suverenliyimizi təhdid edir, Ermənistan isə təxribatlarla Azərbaycanın sərhəd toxunulmazlığını pozurdu. Baş verənlər Azərbaycana özünümüdafiə hüququnu təmin etmək haqqını verirdi. Ermənistanın sərhəd təxribatlarına adekvat cavabın verilməsi və Qarabağda separatizmin ləğv edilməsi istiqamətində atılan addımlar da bu gün Aİ rəsmisinin istinad etdiyi beynəlxalq hüququn “özünü müdafiə etmək, xüsusən də öz ərazisində təcavüzkara zərbə endirmək” prinsipinə əsaslanırdı. Və Azərbaycan özünümüdafiə haqqına əsasən, suverenliyinə yaranmış təhlükəni aradan qaldırdı.
Avropa strukturları – Avropa Parlamenti, Avropa İttifaqı və digərləri isə beynəlxalq hüququ unudaraq, Azərbaycanın özünümüdafiə məqsədilə atdığı addımları “süngü” ilə qarşıladı və erməni maraqlarının müdafiəsi məqsədilə rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini gündəmə gətirdilər. Avropa Parlamentindəki erməni şəbəkəsinin Azərbaycana qarşı apardığı əsassız kampaniyalar, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Cozef Borelin riyakar mövqeyi uzaq tarixin hadisəsi deyil. Və bu gün müəyyən səngimələr müşahidə edilsə də, eyni siyasətin hələ də davam etdirildiyi ortadadır.
Azərbaycanı məhz özünümüdafiə hüququndan istifadə etdiyi üçün hədəfə alırdılar. Ukraynanı isə özünümüdafiə hüququnu təmin etdiyi əsası ilə müdafiə edirlər. Bu absurd paradoks Avropa İttifaqı başda olmaqla Avropa strukturlarının gerçək mahiyyətini – riyakarlığını çılpaqlığı ilə ortaya çıxarır, həm də “səbəb nədir” sualına cavab verir.
– Azərbaycanın hədəfə alınması Ermənistanın və dünya erməniliyinin maraqlarının qorunması məqsədi daşıyırdı;
– Ukraynanın müdafiə olunması Qərbin Rusiyaya qarşı siyasətindən qaynaqlanır;
Avropa İttifaqı üçün beynəlxalq hüququn dəyəri yoxdur, yalnız maraqlar var. Azərbaycana qarşı aparılan “səlib yürüşünün” piyadaları – avropalı rəsmilər bir tərəfdən öz ciblərini düşünür, erməni diasporundan aldıqları rüşvətin “haqqını verir”, digər tərəfdən, Qərbin Rusiyaya qarşı siyasətində aktiv şəkildə iştirak edir. Aİ və təşkilat rəsmilərinin eyni hüquqa malik olan Azərbaycan və Ukrayna arasında ayırıcı xətlər qoyması şəxsi və geosiyasi maraqların harmoniyasından qaynaqlanır.
Aİ komissarı Cozef Borel bu eybəcər harmoniyanın “oskarlıq performansını” sərgiləyib. Borel Ermənistanın, hətta Qarabağdakı separatçıların müdafiəsi məqsədilə Azərbaycanı hədələyir, Brüssel-Bakı xəttində münasibətləri alt-üst edirdi. O və digər avropalı siyasətçilər Avropa strukturlarını Qarabağdakı separatçıların tribunasına çevirəndə niyə beynəlxalq hüququ unutmuşdular? Necə olur ki, məsələ Ukrayna olanda beynəlxalq hüquq yadlarına düşür? Piter Stano beynəlxalq hüququn özünümüdafiə haqqına bələddirsə, nə üçün bosu Borelin, Aİ nümayəndəsi Toivo Klaarın Azərbaycanla bağlı əsassız bəyanatlarından danışmır?!
Suallar çoxdur, cavab isə dəyişmir: bütün bunlar Avropa İttifaqının ikiüzlü siyasətinin təzahürüdür və bu, bəlli olan məsələdir. Yeganə fərq odur ki, bu riyakarlığı Aİ rəsmiləri öz dilləri ilə etiraf edirlər, Stanonun açıqlamasında olduğu kimi…