İki kəşfiyyat mərkəzinin mübarizəsi – İrəvan Qərbin casus yuvasına çevrilib

Baxılıb:77
İki kəşfiyyat mərkəzinin mübarizəsi – İrəvan Qərbin casus yuvasına çevrilib

Bir müddət əvvəl Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu Qərb dövlətlərini Cənubi Qafqazda yeni mərkəz üçün axtarışlara yönəldib. Xüsusən də İrəvana. Təsadüfi deyil ki, gürcü parlamentində qanunun qəbulundan dərhal sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəis müavini Devid Koen tələsik Ermənistan paytaxtına səfər edib.

Xatırladaq ki, hazırda regionda Birləşmiş Ştatların ən böyük səfirliyi İrəvanda yerləşir. Bu diplomatik korpus bölgədə ən çox əməkdaşa və ən böyük əraziyə malikdir. Başqa sözlə desək, İrəvan xarici ölkələrin, xüsusilə də ABŞ-nin casus şəbəkəsinin regional mərkəzinə çevrilir.

Koen-Qriqoryan gorüşü

ABŞ MKİ sədrinin müavini nümayəndə heyəti ilə birlikdə İrəvana səfəri zamanı həmkarı ilə yox, məhz Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Erməni mətbuatının dəfələrlə yaydığı xəbərə görə isə, Qriqoryan Qərbin ən çox ümid etdiyi kadrlardan biridir və gələcəkdə Nikol Paşinyanı əvəz edəcək potensiala malikdir. Təbii ki, amerikalı kəşfiyyatçı baş nazirlə də görüş keçirib. Rəsmi məlumatlara görə, tərəflər ABŞ-Ermənistan əməkdaşlığını və regionun təhlükəsizliyi kimi məsələləri müzakirə ediblər.

Kilsə-iqtidar savaşında ABŞ əli

Qeyd etmək yerinə düşər ki, Devid Koenin səfəri Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın başlatdığı “Vətən naminə Tavuş” hərəkatının vüsət aldığı dövrə təsadüf edir. Erməni keşiş paytaxt İrəvan və digər regionlarda itaətsizlik aksiyalarına start verərək, baş nazirin istefasını tələb edir. Bu səbəbdən də ehtimal etmək olar ki, ABŞ kəşfiyyat orqanları vəziyyəti sabitləşdirmək üçün ölkənin siyasi rəhbərliyinə məsləhətlər veriblər. Təsadüfi deyil ki, Koen və nümayəndə heyətinin səfərindən sonra hakim partiyanın bir sıra nümayəndələri Erməni Apostol Kilsəsini vergiyə cəlb etmək barədə rəsmi bəyanatlar səsləndirməyə başlayıblar. Bu isə dövlət-kilsə münasibətlərinin yeni mərhələyə qədəm qoyması, artıq iki tərəfdən birinin məğlubiyyəti, təslimçiliyi olmadan bitməyəcəyinə işarədir.

TŞ sədrinin yeni tapşırığı

MKİ ilə çox ciddi münasibətləri olan Armen Qriqoryanla Koenin görüşü bağlı qapılar arxasında da bir neçə saat davam edib. Belə fikirlər var ki, TŞ sədrinin yeni tapşırığı Ermənistandakı rusyönümlü məmurları ifşa edərək, işinə son verməkdir. Təsadüfi deyil ki, Devidin səfərindən bir gün əvvəl Armen yerli mətbuata müsahibə verərək, Ermənistanın Rusiyadan təhlükəsizlik məsələsində asılılığını tənqid edib. Qriqoryan müdafiə sektorunda Rusiya Federasiyası ilə əlaqələrin kəsilməsindən danışıb və xatırladıb ki, son dörd ildə Rusiya silahlarının idxalı 96%-dən 10%-ə düşüb. İndi İrəvan bütün diqqətini Fransa, Hindistan və Aİ-dən silah almağa cəmləyib.

Təhlükəsizlik Şurasının katibi Ermənistanın Rusiya Federasiyasından əsas asılılığının iqtisadi müstəvidə, ilk növbədə enerji resurslarının təchizatında olması məsələsi barədə susub. Əsas odur ki, Ermənistan iqtisadiyyatı son illər Rusiyaya ixrac və Avrasiya İqtisadi İtifaqı çərçivəsində qarşılıqlı fəaliyyət hesabına “inkişaf edir”. Qriqoryanın MKİ nümayəndə heyətinin səfəri ərəfəsində Rusiyanı tənqid edən müsahibəsi Qərb kuratorlarının gəlişi üçün əlverişli şərait hazırlamaq məqsədilə açıq-aşkar media manipulyasiyasıdır.

İki kəşfiyyat qurumunun mübarizəsi

Təbii ki, Koenin səfərinə İranda son dövrlər baş verən hadisələr prizmasından da yanaşmaq lazımdır. İslam Respublikası prezidentinin faciəvi şəkildə həlak olması, İranda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələlər Birləşmiş Ştatları narahat etməmiş deyil. Rəsmi Vaşinqton çox güman ki, Britaniyanın “Mİ-6” kəşfiyyatı ilə regionda maraqlarının toqquşması səbəbindən İrəvan üzərindən hansısa oyunları oynamaq qərarına gəlib. Çünki son dövrlər baş verən hadisələr bu iki kəşfiyyat qurumu arasında region uğrunda gizli savaşın daha da gücləndiyinə dəlalət edir. Bir müddət əvvəl ABŞ hərbçilərinin Ermənistanda 10 gündən çox davam edən təliminin əsas hədəfi də İran idi və hələlik rəsmi Tehran bu məsələdə susqunluq nümayiş etdirir. Sadəcə XİN vasitəsilə “regionda xarici qüvvələrin olması qəbuledilməzdir” bəyanatı verilməklə həm İrəvana, həm də Vaşinqtona mesaj ötürülüb.

Baş verən hadisələr bir daha sübut edir ki, Nikol Paşinyan və komandası yarıtmaz xarici siyasət nəticəsində ölkəni Qərb casuslarının oylağına çevirmək istiqamətində əmin addımlarla irəliləyir. Bu isə qonşu dövlətlər tərəfindən xoş qarşılanmır. Çünki sirr deyil ki, ölkə ərazisini Qərb dövlətlərinin casus oylağına çevirməkdənsə, qonşuluq münasibətlərini normallaşdırmaq, regiondakı meqalayihələrə qoşulmaqla dövləti inkişafa aparmaq daha düzgün seçim olardı.


Abunəlik