Hicran Hüseynova: Bu gün “Azərbaycanın BMT-yə üzv olmasından 31 il ötür”
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün – Azərbaycanın dövlət bayrağı qaldırılıb.
Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu baxımdan, ölkəmizin Birləşmiş Millətlər Təşkilatında (BMT) yüksək fəallığı da diqqəti cəlb edir.
Azərbaycan düz 31 il əvvəl- 2 mart 1992-ci ildə BMT-yə üzv qəbul olunmaqla beynəlxalq münasibətlər sisteminin tamhüquqlu subyektinə çevrilmiş müstəqil Azərbaycan Respublikası bütün dövlətlər və xalqlar ilə sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamaq xəttini bəyan etmişdir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan BMT-də uğurla təmsil olunmağa, sözügedən beynəlxalq qurumun tribunasından fəal istifadə etməyə başlayıb. Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu mötəbər beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar həqiqətləri dünya ictimaiyyətinə çatdırıb.
Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan-BMT münasibətlərinə yeni dinamika verməsi nəinki ölkəmizin, eyni zamanda, bütün regionun inkişafı üçün mühüm və geniş istiqamətli proqramların reallaşmasına dəstək oldu.
Belə ki, UNICEF ilə əməkdaşlıq Azərbaycanda qaçqın və məcburi köçkün uşaqları və yeniyetmələrin vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. 1995-1997-ci, 1998-2000-ci illərdə ölkəmiz UNICEF İcraiyyə Komitəsinin üzvü olub.
Həmçinin 2000-2002-ci ildə BMT-nin Qadınların Statusu Komissiyasının da üzvü olmuş Azərbaycan bu qurum tərəfindən hərbi münaqişələr zamanı əsir və girov götürülən qadınların və uşaqların azadlığa buraxılmasına dair illik qətnaməsinin əsas təşəbbüskarlarındandır.
Azərbaycan Prezidenti İlham Əliyev milli maraqlara, müasir çağırışlara uyğun fəaliyyəti ilə mühüm reallıqlar formalaşdırıb, bir çox ilklərə və yeniliklərə imza atıb. Məlumdur ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin – mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir.
Bu gün Azərbaycan regionda sülhə, sabitliyə – təhlükəsizliyə, əməkdaşlığa və inteqrasiyaya xidmət edən mühüm təklif və təşəbbüslərlə çıxış edir. Ölkəmiz öz xarici siyasətində beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, müxtəlif mədəniyyətlərin dinc şəkildə birlikdə yaşaması, dini tolerantlıq, fundamental insan hüquqlarının müdafiəsi, təhsil və yaradıcılıq hüquqlarının qorunması, iqtisadi və sosial sahələrdə davamlı inkişafın təmin edilməsini uğurla həyata keçirməkdədir. Bu isə imkan verir ki, gələcəkdə də Azərbaycan BMT-nin ixtisaslaşdırılmış təsisatları ilə əməkdaşlığı onların əhatə etdiyi bütün prioritet sahələrdə yüksələn xətt üzrə inkişaf etdirsin və dövlətimiz tərəfindən yeni nailiyyətlər və uğurlar qazanılsın.
Hazırda Azərbaycan Respublikasının üçrəngli bayrağı ən yüksək zirvələrdə vüqarla dalğalanır. Və bütün dünya bilir ki, Azərbaycanın Liderinin sözü imzası qədər dəyərli – keçərlidir!
AzTimes.az