Hicran Hüseynova “Beyin ölümü” diaqnozunun aktual aspektləri mövzusunda Beynəlxalq Konfransda itirak etdi.
AzTimes.az xəbər verir ki, oktyabrın 21-də Orqan və toxum transplantasiyasında “Beyin ölümü” diaqnozunun aktual aspektləri mövzusunda keçirilən Beynəlxalq Konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova iştirak edib.
Komitə sədri Hicran xanım Hüseynova ilk öncə tədbir iştirakçılarını salamlayıb və bu gün keçirilən beynəlxalq konfransın xüsusi əhəmiyyəti olduğunu bildirərək qeyd edib ki, müasir dövrdə insan hüquqlarına, yeni texnologiyaların və tibbi vasitələrin insanlar üzərində tətbiq edilməsinə elmi maraq artmaqdadır. Bu isə öz növbəsində ciddi hüquqi və mənəvi tənzimlənmə məsələlərini aktuallaşdırır. Sonra deputat Hicran xanım Hüseynova vurğulayıb ki, belə Beynəlxalq Konfransların keçirilməsi, bir çox vacib və kreativ mövzularda layihələrin hazırlanıb icra olunmasının mühüm nəticələri olur. ilk növbədə ictimaiyyət maariflənir. Bundan əlavə elmi təcrübə mübadiləsi aparılır, yeni metodologiyalar öyrənilir. Günümüzdə müalicə məqsədilə edilən tibbi müdaxilələrdən biri də müasir tibbdə transplantasiyadır. Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qəbul edilmişdir. Eyni zamanda, Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılması ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Lakin əlbəttə ki, bu mövzu üç formatın – tibb, hüquq və etikanın kəsişməsində nəzərdən keçirilməlidir. Daha sonra Komitə sədri bildirib ki, bu gün insanları prosesin etik tərəfləri daha çox narahat edir və bütün dünyada insanlar buna müxtəlif cür yanaşırlar. Bəziləri bunu günah hesab edir, bəziləri isə bunu xeyirxahlıq və mərhəmət kimi qəbul edir. Bununla yanaşı, belə hərəkət həm də fədakarlığın nümunəsi hesab olunur. Bəzən beyin ölümü keçirən insanların yaxınları bunu dini və etik cəhətdən qəbul edə bilmirlər. Əlbəttə bu çox mürəkkəb və qarışıq bir hissdir. Düşünürəm ki, insanları tranplantologiyanın məqsədləri və uğurları haqqında adekvat məlumatlandırmaq lazımdır. Müxtəlif maarifləndirici sosial çarxlar hazırlamaq və nümayiş etdirmək olar. Bu sahədə yaxşı beynəlxalq təcrübə var. Biz də bu səviyyədə əməkdaşlıq edə bilərik. Sonda Komitə sədri Hicran xanım Hüseynova tədbirin hazırlanmasında zəhməti olan hər kəsə, Mərkəzi Gömrük Hospitalına, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə, Elmi-Təcrübi və Tədris Mərkəzinə, digər təşkilatçılara təşəkkür edərək Konfransın işinə uğurlar arzulayıb.