Hansı ayda məzuniyyətə çıxmaq sərfəlidir? – AÇIQLAMA
Əmək Məcəlləsinin tələblərinə əsasən, işçilərə məzuniyyət və ezamiyyət dövründə ödənilən əməkhaqqı orta əməkhaqqı prinsipi ilə hesablanır. Amma orta əməkhaqqının hesablanması qaydası işçinin faktiki aylıq qazancı ilə müqayisədə müəyyən fərqliliklər yarada bilər. Bu isə bir sıra hallarda əməkhaqqının azalmasına və ya artmasına səbəb olur.
Bəs məzuniyyət haqqı necə hesablanır?
Məsələ ilə bağlı əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun sözlərinə görə, işçilər məzuniyyət planlaşdırarkən təkcə istirahət tarixlərini deyil, həmçinin əvvəlki aylardakı qazanc dinamikasını və məzuniyyətə çıxılacaq ayın istehsalat təqvimini də nəzərə almalıdırlar. Çünki orta əməkhaqqının məbləği məhz bu faktorların vəhdətindən formalaşır:
“Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyətə çıxan işçiyə ödəniləcək məbləğ onun məzuniyyət ayından əvvəlki 12 təqvim ayı üzrə qazandığı əməkhaqqının orta aylıq göstəricisinə əsasən müəyyən edilir. Bu göstərici 12 aylıq ümumi qazancın əvvəlcə 12-yə, daha sonra isə 30,4 günə bölünməsi ilə tapılır. Alınan nəticə bir təqvim günü üçün hesablanan əməkhaqqıdır və bu rəqəm məzuniyyət günlərinin sayına vurularaq ümumi məbləğ formalaşır.
Lakin buradakı incəlik odur ki, əgər işçi son aylarda yüksək əməkhaqqı alıbsa, amma əvvəlki dövrdə qazancı daha aşağı olubsa, bu zaman orta əməkhaqqı real qazancdan az olacaq. Eyni şəkildə, əvvəllər yüksək gəlir əldə etmiş, lakin sonradan əməkhaqqısı azalmış işçi üçün orta əməkhaqqı daha sərfəli ola bilər”.
Ekspert qeyd edir ki, ikinci əsas amil isə məzuniyyətin hansı ayda götürüldüyüdür. Məlumdur ki, əməkhaqqı iş günlərinə, məzuniyyət haqqı isə təqvim günlərinə görə hesablanır. Bu isə o deməkdir ki, iş günü az olan aylarda bir iş gününə düşən əməkhaqqı daha yüksək olur. Belə hallarda işçi iş yerində olsa, daha çox qazana bilərdi. Amma o, həmin ayda məzuniyyətdə olduğu üçün bu yüksək gündəlik qazancı əldən verir və əvəzində daha sabit (orta) məbləğ alır:
“Məsələn, 1.500 manat əməkhaqqı alan bir işçi üçün mart ayında (15 iş günü) bir iş günü 100 manata bərabər olduğu halda, avqustda (22 iş günü) bu göstərici 68.18 manat olur. Əgər işçi martda məzuniyyət götürürsə, faktiki qazancı 1.545 manat civarında, avqustda isə 1.504 manata yaxın olur”.
Ezamiyyətlərdə bağlı vəziyyət necədir?
Ekspertin sözlərinə görə, ezamiyyət dövründə isə orta əməkhaqqı bir qədər fərqli qaydada hesablanır. Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən, ezamiyyət zamanı son iki təqvim ayının əməkhaqqı cəmi həmin dövrdəki iş günlərinin sayına bölünür və bir iş günü üçün orta əməkhaqqı müəyyən edilir. Bu göstərici ezamiyyət günlərinin sayına vurularaq ödəniş hesablanır:
“Ezamiyyətin sərfəliliyi də həmin iki aylıq dövrdəki qazanc səviyyəsi və iş günlərinin sayından asılıdır. Yəni, yüksək əməkhaqqının alındığı aylardan dərhal sonra ezamiyyətə göndərilmək işçi üçün daha sərfəli ola bilər.
İşçilər məzuniyyət və ezamiyyət planlarını təkcə şəxsi istəklərinə deyil, həm də əvvəlki dövrlərdəki əməkhaqqı göstəricilərinə və müvafiq ayın istehsalat təqviminə əsaslanaraq tənzimləməlidirlər. Belə olduqda eyni gün sayında məzuniyyət və ya ezamiyyət zamanı əldə edilən qazanc dəyişə və işçi üçün daha sərfəli vəziyyət yarana bilər”.
Bir sözlə, iş günü az olan aylarda işləmək çox olan aylarda isə məzuniyyət götürmək maddi baxımdan daha məqsədəuyğundur.