Günəşin aktivliyi artıb

Baxılıb:66
Günəşin aktivliyi artıb

“XXI əsrdə günəş aktivliyi indeksi əks proqnozlara baxmayaraq, faktiki olaraq maksimum dəyərlərinə çatıb”.

Bu sözləri Rusiya Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçyov bildirib.

“Yüksək indeks, çox zəif gözlənilən cari dövrün əslində proqnozlardan çox daha güclü olduğunu göstərir. Bunun səbəbi hələ də tam aydın deyil” , – deyə ekspert vurğulayıb.

Boqaçyovun sözlərinə görə, bütün modellər hazırda Günəşin fəallığının təxminən 100 illik minimumda olmasını göstərir. Lakin realda müvafiq indeks iki dəfə yüksək olub.

Bu vəziyyətdən laboratoriya rəhbəri belə nəticəyə gəlib ki, XXI əsrdə Günəş 100 il davam edən yeni artım dövrünə keçə bilər. Lakin bu fərziyyəni təsdiqləmək üçün alimlər onu ən azı bir il müşahidə etməlidirlər.

Eyni zamanda, Rusiya Kosmik Tədqiqatlar İnstitutunun direktoru Anatoli Petrukoviç izah edib ki, günəş ləkələrinin sayının artması Günəşin ümumi fəallığının artmasına dəlalət edir. Qeyd olunan indeksin maksimum dəyərlərə çatdığı illərdə Günəşin səthindəki qaranlıq sahələrin sayı bir neçə yüzə qədər arta bilər.

Qeyd edək ki, günəş fəallığı indeksi 1749-cu ildən bəri izlənilir və uzun illər ərzində günəş dövrlərinin intensivliyini müqayisə etməyə imkan verir. O, alimlərin hər ay qeydə ala bildiyi Günəşin səthindəki ləkələrin sayından hesablanır.


Abunəlik