Günəş vannası qəbul edərkən ehtiyatlı olun – Həkimdən HƏYƏCAN TƏBİLİ
Yay mövsümünün gəlişi ilə insanlar dənizə, hovuzlara üz tuturlar. Məqsəd günəş vannası qəbul etməkdir. Günəş vannasının əsas məqsədi dərinin rəngini bir az tündləşdirmək olsa da, bir çoxları ifrata varır. Nəticədə günəş dərilərini yandıraraq fəsadlara yol açır. Bəs günəş vannası qəbul etmək orqanizmə hansı fəsadlar yarada bilər?
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Qızartı varsa, dəri artıq zədələnməyə başlayır
Dermatoloq Samirə Teymurova bildirdi ki, günəş altında qalmaq üçün dəri növünüzü bilməlisiniz: “Günəşin ultrabənövşəyi şüalarının təsiri altında dəridə D vitamini sintez olunur. Lakin bu, yüngül qızartıya qədər olanda formalaşır. Qızartı varsa, dəri artıq zədələnməyə başlayır. Dəri soyulana qədər günəş vannası qəbul etmək, yanmaq, qaralmaq düzgün deyil. Abşeron yarımadasında, eləcə də subtropik iqlimi olan regionlarda səhər 10-a qədər və axşam 6-dan sonra günəş şüalarının zərərli təsiri daha azdır. Günəş şüalarının altında ilk öncə 3-5 dəqiqədən başlayaraq 15-20 dəqiqəyə qədər qalmaq olar. Lakin bu tövsiyələr dəri fototipindən asılı olaraq dəyişir”.
Dəri xərçənginə səbəb olan günəş
S.Teymurova dedi ki, günəş yanmalarının orqanizmimizə təsirləri müxtəlifdir: “Günəş şüaları ilə dəri yandıqda dərinin erkən qocalması, susuzlaşması, nəmliyinin itirilməsi kimi hallar baş verir. Buna fotoqocalma deyirlər. Məsələn, günəş şüalarına çox məruz qalan rayonlarımızda yaşayan, kənd təsərrüfatı sahələrində çalışan insanlarda daha dərin qırışlar olur, qocalma əlamətləri daha tez görünür. Həmçinin sükan arxasında oturan, yük maşınlarını sürən insanların günəş şüalarına məruz qalan sol tərəfi sağla müqayisədə daha qızartılı, qaralmış olur. İkinci təsir yanıqlardır. Yay vaxtı birinci və ikinci dərəcəli yanıqlarla müraciət edən insanlar çox olur. Birinci dərəcəli yanıq uzunmüddətli qızartının mövcud olmasıdır. İkinci dərəcəli yanıq isə xırda və iri suluqların əmələ gəlməsidir. Uşaqlıqda böyük sahəni əhatə edən yanıq olursa, bu o deməkdir ki, həmin insanlar yaşlananda bədxassəli dəri törəmələrinə namizəddir. Bir zərər də günəş, piqment ləkələrinin formalaşmasıdır. Bu da uzunmüddətli, yaxud effekti olmayan müalicəyə səbəb olur”.
Uşaqların gündən qorunması da olduqca vacibdir
Dermatoloqun fikrincə, günəş vannası qəbul edərkən qoruyucu kremlərdən istifadə etmək mütləqdir: “Əgər dəri yanmadan D vitamini sintezi almaq istəyirsinizsə, səhər saat 10-a qədər və axşam 6-dan sonra xüsusi günqoruyucu vasitələrin tətbiqi ilə günəş vannası qəbul edə bilərsiniz. Saat 12-dən 14.00-a qədər ya çətirlərin altında, ya da qapalı sahələrdə olmaq tövsiyə olunur. Hər zaman baş örtükləri, gözdə qoruyucu eynək olmalıdır. Bədənə SPF 30+, 50+ mütləq vurulmalıdır. Üzə 50+ qoruyucu tövsiyə edilir. Bədənə isə 30-50 arası ola bilər. Dərinin rəngi nə qədər ağdırsa, o qədər də yüksək gün qoruyucu faktorlardan istifadə edilməlidir”.
S.Teymurovanın sözlərinə görə, uşaqların gündən qorunması da olduqca vacibdir: “Çiyinlər daha çox yanır. Buna görə çalışmaq lazımdır həmin hissəni dəsmal və ya nazik örtüklə bağlasınlar, yaxud qısa da olsa, qolu olan geyimlər geyinsinlər. Uşaqlara diqqət etmək lazımdır. Çünki onlarda da üz hissə, yanaq, burun, çiyinlər daha tez yanır və dəri soyulmalarına səbəb ola bilir. Uşaqlar üçün xüsusi geyimlər var. Başlarında mütləq şapka, panama, kepka, bandana olmalıdır. Uşaqlar üçün də həm üz, həm bədən günəş qoruyucu kremlər mütləq istifadə olunmalıdır”.
Bulud gün yanığından qorumur
Həkim qeyd etdi ki, hətta buludlar da günəş yanmasının qarşısını ala bilmir: “Bəzən insanlar hava buludlu olanda və ya sərin görünəndə düşünürlər ki, günəş şüaları yerə gəlib çatmır və yaxud buludlar günəş şüalarının mənfi təsirindən qoruyur. Amma ən çox yanıqlar məhz buludlu havalarda baş verir. Çünki insanlar buludların kölgə saldığını düşünərkən ultrabənövşəyi şüalar asanlıqla yer səthinə gəlib çatır. Bu zaman gizli, yavaş-yavaş yanmalara səbəb olur. Bir də ayılırlar ki, dəri qızarıb, birinci və ikinci dərəcəli yanıqlar əmələ gəlib”.
Diş pastası, gənəgərçək, çaytikanı yağı, spirt…
Dermatoloq düşünür ki, yanığa insanların özbaşına müdaxiləsi düzgün deyil: “Əgər dəridə yanıqlar baş veribsə, günəşin təsirinə məruz qalıbsa, zərərçəkəni kölgəyə və ya qapalı yerə çəkmək, uzandırmaq, çoxlu su vermək, soyuq su ilə islatmalar etmək, bəzi yerlərinə 10-15-20 dəqiqə buz qoymaq lazımdır. Amma özünüz müdaxilə etməsəniz daha yaxşıdır. Diş pastası, gənəgərçək, çaytikanı yağı, spirt tətbiq etmək olmaz. Hətta qatıq belə düzgün deyil. Çünki yanıqlar ikinci dərəcəli ola bilər. Dəri səthində yara varsa, bu da ikincili infeksiyaya səbəb olar. Burada təcili tibbi yardıma, dermatoloqa, yanıqlarla məşğul olan mütəxəssisə, həkimə müraciət etmək lazımdır. Günəşdən sonra kremlər tətbiq oluna bilər. Yanan insanlar sonradan mövsümün sonuna qədər qorunmalıdır”.