Gözdən uzaq-könüldən iraq qalanlar və 21-ci əsr… – AKTUAL
“Məmnuniyyətlə məktəbi, bağçası, interneti, yolu, suyu olmayan kəndlərlə bağlı bir elektron məlumat baza yaradardım. Həmin kəndlərin qara gününü çəkib “Youtube”da yerləşdirib, Prezident demişkən, xalqa xidmətçilik eləməli olan ağgünlü məmurların mesaj qutusuna göndərərdim. Özlərinin vaxtı yoxdur, gələ bilmirlər, biz yardım edək”.
Bu fikirlər iqtisadçı-ekspert Rövşən Ağayevə məxsusdur. “Az qala, 2 aydır kənddəyəm deyə problemləri daha yaxından müşahidə etmək imkanım var. 28 ildir məktəbsiz qalan kəndimizin gününə baxıb heyfislənirəm. Nə qədər körpə övladımız, az qala, 3 onillik ərzində normal sinif otağı görmədən 17 yaşını doldurdu, təhsil sarıdan “yarıac-yarıtox” müstəqil həyata atıldı”, – o deyir.
Rövşən Ağayevin sözlərinə görə, təxminən 7-8 il əvvəl büdcə pulunu göyə sovurub keyfiyyətsiz dren şəbəkəsi quranlar da elə o vaxtdan aradan çıxıblar: “Bu müddətdə 3 icra başçısı dəyişib, heç biri də soruşmayıb ki, bir neçə milyon manatlıq yeraltı dren şəbəkəsi quran şirkətdən kimsə bu keyfiyyətsiz layihəyə görə məsuliyyət daşımamalıdırmı? Vicdan olmayandan sonra yaşamaq çox rahatdır”.
Sözügedən fikirlər arasında məktəb problem xüsusilə diqqət çəkir. Fikirlərini AYNA-ya şərh edərkən iqtisadçı bildirib ki, onların kəndi kimi məktəbsizlikdən əziyyət çəkən kəndlərin sayı çoxdur: “Təkcə sosial şəbəkədə sorğu keçirsəniz, kifayət qədər məlumat toplayarsınız. Amma məktəb olmayan kənd kimi nümunə gətirdiyim kənd doğulduğum Beyləqan rayonu Milabad qəsəbəsidir”.
AYNA olaraq bu problemlə bağlı sosial şəbəkələrdə sorğu keçirmək qərarına gəldik.
Qısa araşdırmamız nəticəsində, həqiqətən məktəbsiz kəndlərin sayının az olmadığı bəlli oldu. Məsələn, jurnalist Fərqanə Allahverdiqızıdan öyrəndik ki, problem sadəcə bölgələrlə məhdudlaşmır: “Maştağa qəsəbəsində “Gülçülük sovxuzu” adlanan ərazi var. Əvvəl 2 sovxoz olub, əhalisi də az olub. İndi o qədər ev tikilib ki, insanların sayı dəfələrlə artıb, artıq aradakı uzaq məsafə itib, sovxozlar birləşib. Əhali sayı 50 mindən artıq olar. Ancaq nə məktəb var, nə bağça, nə tibb məntəqəsi, nə də idman klubu”.
“Orada uşaqlar səhradakı kimi yaşayırlar. Yaxınlıqdakı məktəblərə getmək üçün neçə kilometrlərlə yol qət etməyə məcburdurlar. Qışda isə həmin yollarda palçıq dizə çıxır. Onu da deyim ki, illər əvvəl məktəb tikmək üçün sovxozda torpaq sahəsi də ayrılıb. Ancaq tikən yoxdu”, – bildirdi.
Ağsu sakini Nərgiz Cavadzadənin doğulduğu Nuran kəndində də analoji problem yaşanırmış: “Kənddə internet, su və uşaq bağçası da yoxdur. Qaz isə bir neçə il əvvələdək yox idi”.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun AYNA-ya açıqlamasına görə, Azərbaycan dövləti bütün kəndlərdə məktəblərin olmasını əsas məqsəd kimi qarşısına qoyub: “Əhalisinin sayı yüz nəfər, bir çox hallarda əlli nəfər belə, olan bütün kənd və qəsəbələrdə, hətta, ucqar kəndlərdə məktəblər olmasını həyata keçirmək üçün var gücümüzlə çalışırıq və bununla bağlı modul tipli məktəblərin inşasına başlanılıb. Artıq 2015-ci ildən başlayaraq onların icrası həyata keçirilir və bir çox ucqar bölgələrdə bu tip məktəblər hazırlanır”.
“Yaxın iki il ərzində ölkənin bütün məktəblərini, xüsusilə də ucqar bölgələrdə olan istimar müddəti bitmiş, yararsız vəziyyətdə olan məktəbləri və kiçik məktəbləri modul tipli məktəblərlə əvəz edəcəyik. Cənab Prezident də öz çıxışlarında da deyib ki, yaxın müddət ərzində Bakıda təmirsiz məktəb qalmayacaq. Və bütün bölgələrdə də bu proses gedir”, – Valehov bildirdi.
Əlavə etdi ki, məktəb tikintisi və təmiri ilə bağlı hər ay ən azı dörd sərəncam imzalanır: “Xüsusilə də məktəblərin tikinitisi daha çox diqqət mərkəzindədir. Məktəbləri olmayan kəndlər də hər il dövlət proqramlarına daxil edilir, hər növbəti ildə həmin məktəblərin sayını artırırıq və demək olar ki, hər il ərzində dövlət proqramı çərçivəsində həmin kənd və bölgələrdə məktəblər tikilir, yeniləri inşa olunur. İlin sonunadək bütün ölkə üzrə altmış modul tipli məktəbin istifadəyə verilməsi gözlənilir”.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı da AYNA-ya görülən işlərdən danışdı: “Ölkəmizdə orta ümumtəhsil sahəsində böyük işlər görülüb. Ən ucqar dağ kəndlərində yeni məktəblər tikilib, köhnə məktəblərin bir çoxu təmir edilib, modul tipli məktəblər quraşdırılıb, avadanlıqlar və internetlə təmin edilib. Əlbəttə, təmirə ehtiyacı olan məktəblərimiz hələ də var. Onlar da zaman-zaman təmir ediləcək və ya yeniləri tikiləcək”.