Gözəllik salonlarında bu xidmətlər qadağan olundu – Rəsmi XƏBƏRDARLIQ

Baxılıb:40
Gözəllik salonlarında bu xidmətlər qadağan olundu – Rəsmi XƏBƏRDARLIQ

Son vaxtlar bəzi klinikalarda aparılan yoxlamalar, xüsusilə, estetik cərrahlarla bağlı məsələlər əsas gündəm mövzusudur. Buna görə də plastik, kosmetoloji prosedurlar etdirən və yaxud etdirmək istəyən şəxslər üçün bəzi sual yaradan məqamlar var.

Məsələn, bəzi gözəllik salonlarında kosmetoloji prosedurlar edilir. Maraqlıdır ki, bu prosedurlar nə dərəcədə doğru və gigiyenik şəkildə həyata keçirilir?

Klinikalar bir sıra nöqsanların aşkarlanması nəticəsində bağlanırsa, gözəllik salonları da eyni dərəcədə yoxlanılıb, bağlanılırmı?

Bu salonların kosmetoloji prosedurları həyata keçirməkləri üçün xüsusi lisenziyaları var?

Analitik Ekspertiza Mərkəzindən Bizim.media-ya verilən açıqlamada bildirilib ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə xidmətin göstərilməsi tibbin bir sahəsi olaraq, tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur.

“Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksiya üsulları daxildir. Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur”.

Bəs bu sahə ilə məşğul olmaq hüququna kimlər malikdirlər?

Verilən açıqlamada qeyd olunub ki, bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər.

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-dermatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər”.

Gözəllik salonlarında kosmetoloji proseslər keçirilə bilməz

“Qeyd edək ki, gözəllik salonları tibb müəssisələrində sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Belə ki, vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan bu tip müraciətlər olduqda aidiyyəti gözəllik salonlarında qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyətlə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir”, – deyə məlumatda bildirilib.


Abunəlik