Göyçayda qardaş bacısını qaçıran oğlanın atasını bıçaqladı
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 26-da Göyçay rayonunun Ulaşlı Şıxlı kənd sakini Mahmud Əliyev, oğlu Feyruz Əliyev ilə birlikdə həmkəndliləri E.Məmmədovanı (ad soyad şərtidir) məcburi qaçırmaları faktı ilə bağlı Cinayət Məcəlləsinin 144.2.3-cü (Adam oğurluğu-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.Məhkəmənin qərarı ilə Feyruz Əliyev barəsində həbs qətimkan, atası Mahmud Əliyev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda Göyçay Rayon Polis Şöbəsində cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Həmin qızın qardaşı Məhyəddin Ömərov isə aprelin 15-də şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mahmud Əliyevə bir neçə bıçaq zərbəsi vuraraq ağır xəsarət yetirib. Xəsarət alan şəxslə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub və hadisəni törədən M.Ömərov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Kənd sakinlərinin toplaşaraq Mahmud Əliyevin evinin qarşısında aksiya keçirmələri ilə bağlı iddialar isə həqiqəti əks etdirmir. Sadəcə Məhyəddin Ömərov şübhəli şəxs qismində saxlanıldıqdan sonra onun bir neçə nəfər qohumu şikayətini geri götürməsi üçün xahiş məqsədilə dünən Mahmud Əliyevin yaşadığı ünvana gediblər.Lakin əraziyə cəlb edilən polis əməkdaşları onlarla profilaktik söhbətlər apardıqdan sonra həmin şəxslər oranı tərk ediblər.