Göyçayda Beynəlxalq Müəllimlər Günü qeyd olunub – FOTO

Baxılıb:147
Göyçayda Beynəlxalq Müəllimlər Günü qeyd olunub – FOTO

 

4 oktyabr 2019-cu il tarixdə Göyçay rayonunda “5 oktyabr- Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə tədbir keçirilmişdir.
AzTimes.az Goycay.info.az-a istinadən xəbər verir ki, ilk öncə tədbir iştirakçıları Heydər parkında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər.
Tədbir YAP rayon təşkilatının binasında davam etdirilmişdir. Toplantıda çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mehdi Səlimzadə tədbir iştirakçılarını salamladı və bütün müəllimləri bayram günü münasibəti ilə təbrik etdi, onlara gələcək işlərində uğurlar, nailiyyətlər arzuladı. Rayon rəhbəri qeyd etdi ki,bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür – pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər.Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 1993-cü ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.Bu gün dövlət rəhbərimiz İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir. Yekunda rayon rəhbəri bir daha müəllimləri təbrik etdi, təhsil inqilabında daim onlara mübariz və daha çox Azərbaycanın gələcəyi üçün əsl vətənpərvərlər yetişdirməyi arzuladı. Tədbirdə çıxış edən Rayon Təhsil şöbəsini müdiri Elnur İsmayılov və digər çıxış edənlər müəllimləri bu əziz gün münasibəti ilə təbrik etdilər və onlara xoş diləklərini çatdırdılar. Tədbirdə fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və hədiyyələr verilmişdir.
Son illər müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Bu prosesdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, o cümlədən Britaniya Şurası, UNİSEF və digər qurumlarla Təhsil Nazirliyinin əməkdaşlığı xeyli fayda vermişdir.

Müəllimlər bu gün cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük hörmət və ehtiram var və gələcəkdə də belə olacaq. Heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz. Amma cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir. Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər. Bayramınız mübarək, əziz müəllimlər!

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir