Göyçayda bayram yarmarkası açılıb
Dekabrın 29-da Göyçayda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Satış-yarmarka bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində təşkil olunan satış-yarmarkada alıcılara müxtəlif kənd təsərrüfatı məhsulları, habelə yerli emal müəssisələrində istehsal edilən məhsullar təklif olunur.
Satışa çıxarılan məhsulların əksəriyyətini mövsümi tərəvəz, o cümlədən yerkökü, çuğundur, kələm, soğan, kartof, xiyar, pomidor, habelə meyvələrdən alma, armud, nar və sair təşkil edir. Məhsullar bazar qiymətindən 25-30 faiz ucuz satılır.
Satış-yarmarkada alıcılara nümunəvi xidmət göstərilməsi üçün bütün lazımi şərait yaradılıb.