Göyçayda 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
Göyçayda 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. “2-ci Qarabağ müharibəsi”iştirakçıları orden və medallarla təltif edilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı, nümayəndəliyi, hərbi komissarlığın məsul şəxsləri, şəhid-qazi ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə Ulu Öndərin büstü önünə çiçəklər düzülüb, himn oxunub, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qeyd edək ki, “2-ci Qarabağ müharibəsi”ndə rayon üzrə ümumilikdə 1300 gənc iştirak edib. Onlar səfərbərliklə orduya cəlb edilib və hər biri torpaqlarımızın işğaldan azad edilməsində əvəzsiz xidmətlər göstərib. Döyüşçülərdən 46 nəfəri şəhid, 177 nəfəri isə qazi olub. Döyüş tapşırıqlarının yerinə yetirilməsində göstərdikləri şücaətlərə görə, 83 nəfər 90 orden və medallarla təltif edilib. Ali Baş Komandanımız daim müharibə iştirakçıları, şəhid və qazi ailələrinə qayğı göstərir, onların rifah halının yaxşılaşması naminə mühim qərarlar qəbul edir. Bu kateqoriyadan olan vətəndaşlar göstərilən diqqətdən savayı razılıq edir, ölkə başçısına təşəkkürlərini bildirirlər.Qeyd edək ki, müharibədə canından keçən şəhidlərin 11-i Göyçay Şəhidlər Xiyabanında, 32-si kənd qəbiristanlıqlarında, 2-si Bakıda, bir nəfər isə Mingəçevirdə torpağa tapşırılıb. Torpaq uğrunda ölən varsa, Vətəndir.
Gülşən Muradova AzTimes.az