General Rəhimov işdən çıxarıldı bəs komandası?

Baxılıb:258
General Rəhimov işdən çıxarıldı bəs komandası?

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-polkovnik Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi vəzifəsindən azad edildi. Uzun illər yüksək vəzifələrdə çalışan məmurlardan olduğu üçün Arzu Rəhimovun qəfil işdən çıxarılması cəmiyyətdə maraqla qarşılandı.
Məsələ bundadır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi kimi Arzu Rəhimovun rəhbərlik etdiyid dövrdə hərbi səfərbərlik xidmətinin fəaliyyətində bütün hədləri aşan rüşvət və korrupsiya halları onunla bağlı ümidləri puça çıxardı.
5 il Miqrasiya, 11 il isə Səfərbərlik Xidmətinin rəisi olan general Arzu Rəhimovun hərbi bilet biznesindən əldə etdi qeyri-qanuni vəsaitlər sayəsində Bakı şəhəri Nərimanov rayon Teymur Əliyev küçəsində, Ukrayna Respublikasının ölkəmizdəki səfirliyi yaxınlığında, milyonçular məhəlləsində 2 milyonluq dəbdəbəli villası bir zamanlar KİV səhifələrini bəzəyirdi.
Həmçinin istər KİV-də, istərsə də sosial şəbəkələrdə onun rəhbərlik etdiyi xidmətin rayon şöbələrindəki özbaşınalıq, rüşvət və korrupsiya halları barədə çeşidli məlumatlara da az rast gəlməmişik.
Yəqin ki, xatırlamış olarsınız, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Əlsafa Musa oğlu Məmmədovun 7-10 min manat rüşvət müqabilində bir neçə imkanlı rayon sakinlərini hərbi səfərbərlikdən yayınırdırdığı barədə məlumatlar gündəmi zəbt etmişdi.
Əlsafa Məmmədovun oturduğu hər məclisdə Arzu Rəhimovun qohumu olduğu ilə qürrələnməsi də yayılan məlumatlar arasında idi.
Doğrusu, bu xəbər o qədər də inandırıcı gəlmirdi. Lakin, eşidəndə ki, Əlsafa Məmmədov qardaşının məhkumluq həyatı olmasına rəğmən bu vəzifədə çalışır, daha “qohumluq əlaqələri”nə şübhə qalmadı.
Üstəlik, bu məsələ ictimailəşdirildikdən sonra Əlsafa Məmmədovu işdən çıxarmaq əvəzinə, eyni vəzifə ilə Sabirabad rayonuna təyini etməsilə generalın qohumunu “bığdan götürüb, saqqala qoyması”, nəinki isti münasibətlərin olduğuna dair şübhələri aradan götürdü, əksinə bu xəbərlərə əminlik hissi belə yaratdı.

Hörmətli Arzu Rəhimovun “diqqət və qayğısı” sayəsində yerlərdəki “hərbi komissarlıqlar” özləri üçün “əsgər biznesi” qurublar. Adi hərbi bileti dəyişdirmək, yaxud itmiş hərbi biletibn əvəzinıə yenisi almaq üçün aşkar 50 manat rüşvət istənilirdi.
Bu kimi faktlar mətbuat səhifələrində kifayət qədərdir.
Vətən müharibəsində könüllü döyüşmüş Ağsu rayon sakini Xəyyam Xəlilov döyüşlərdə itirdiyi hərbi biletin yenisini almaq üçün SHXÇDX-nin Ağsu Rayon Şöbəsinə müraciət edəndə rəis Aqşin Xancanov ondan 50 manat tələb edib. Qazimiz rüşvətin tələb olunmasına aşkar etiraz edəndə bu azmış kimi A.Xancanov onu döyüb və təhqir edib.
Təxminən bir ay əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıblar.
İdarənin rəis müavini – Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Baş İdarədə başlanmış cinayət işi üzrə Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçildi.
Yəqin ki, istintaqın gedişində alınan rüşvətin kimlərə verilməsi ortalığa çıxacaq.
Arzu Rəhimovun Hərbi Səfərbərlik Xidmətində törətdiyi ağır cinayətlər təkcə bunlarla bitmir. Səfərbərlik Xidmətinin elə bir sahəsi yoxdur ki, Arzu Rəhimovun cinayət əməllərindən kənarda qalmış olsun. Məlumdur ki, hər il Azərbaycan dövlətinin büdcəsindən Dövlət Səfərbərlik Xidmətinə də milyonlarla pul ayrılır. Aldığımız məlumata görə, bu pulların öz təyinatı üzrə xərclənməsi sahəsində də ciddi maliyyə maxinasiyalar həyata keçirilib və nəticədə dövlət vəsaiti korrupsiyanın qurbanına çevrilib. Bu barədə dövrü mətbuatda kifayət qədər məlumatlar dərc edilib.
Bir neçə il əvvəl, konkret 2018-ci ildə Arzu Rəhimov SHXÇDX-nın Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev vəzifəsindən azad etdi.
Səbəb isə, Rəsul Quliyevin zərərçəkmiş kimi iştirak etdiyi məhkəmə prosesində vaxtilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə düzəlmək üçün bir qadına 180 min manat rüşvət verdiyini açıqlaması idi. Həmin Rəsul Quliyev yaşa görə ordudan tərxis olunandan sonar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə düzəlmişdi.
Müxtəlif zamanlarda Arzu Rəhimovun birinci müavini general-mayor Zaur Abdullayev haqqında da ilginc iddialar səsləndirilib.
İlk öncə Səfərbərlik Xidmətinin ən sürpriz və müəmmalı kadrı sayılan Z.Abdullayevin karyera yüksəlişi ilə bağlı bəzi məqamları diqqətinizə çatdıraq. Söhbət cəmi 10 il əvvəl baş leytenant olan bir zabitin – Abdullayev Zaur Qasım oğlunun hazırda general-mayor rütbəsini daşımasından gedir. İnternet resurslarında rəsmi tərcümeyi-halı belə tapılmayan Z.Abdullayev haqda media üzərindən apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatı olduğu kimi diqqətinizə çatdırırıq.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının təltif edilməsi haqqında 15 avqust 2005-ci il tarixli Fərmanından görünür ki, Zaur Qasım oğlu Abdullayev həmin il baş leytenant rütbəsində DSX-da xidmətdə olub. 7 il sonra – 17 may 2012-ci ildə Z.Abdullayevə polkovnik rütbəsi verilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. 2014-cü ildə rəisin birinci müavini təyin edilib, 2015-ci ilin fevral ayında isə çiynindən general-mayor rütbəsi asılıb”. Yəni cəmi 10 il ərzində Zaur Abdullayev baş leytenant rütbəsindən general-mayor rütbəsinədək yüksələ bilib.
Zaur Abdullayevlə bağlı səsləndirilən iddialardan ən ilginc olanı 44 günlük müharibə dövründə imkanlı şəxslərin övladlarına çağırış göndərilib, sonradan onların “neqoden” olması barədə kağızın 10-15 min manata satılması ilə bağlıdır. Deyilənə görə, müharibədən əvvəl 2-3 min manata düzələn bu kağız müharibə başa çatandan sonar “ucuzlaşmayıb”.
Arzu Rəhimovun ölkə daxilində və xaricdə böyük biznes şəbəkəsinə malik olduğu barədə mediada çoxsaylı məlumat və materiallar dərc olunub.
Yəqin ki, generalın rüşvət və korrupsiya, o cümlədən dövlət büdcəsindən SHXÇDX-ya ayrılan vəsaitlərin hesabına milyonları mənimsəməsi barədə KİV-də və sosial şəbəkələrdə yayılan faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və yenidən büdcəyə qaytarılacaq.
Arzu Rəhimov getsə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində illərdən bəri şəbəkələşmiş kadrları qalmaqdadır.
Güman edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisi Mürsəl İbrahimovun uzun illər hüquq-mühafizə orqanlarında işləməsi ümid etməyə əsas verir ki, uzun illər rüşvət və korrupsiya girdabına batmış bu xidmətdə təxirə salınmaz islahatlar aparacaq.
Ümid edək ki, indiki həssas siyasi durumda düşmənlərimizə gözdağı olan ordumuzun daha da sağlam əsgərlərlə təmin edilmısi üçün bu qurum bundan sonra daha da şəffaf fəaliyyət göstərəcək.


Abunəlik