Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı silsilə tədbirlər davam etdirilir
AzTimes.az xəbər verir ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn tələblərə müvafiq olaraq Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviqlə bağlı təbliğat xarakterli tədbirlərin Nazirliyin Tədbirlər Planı və müvafiq Göstərişinə uyğun olaraq mütəmadi və effektiv icrasını təmin etmək məqsədilə silsilə tədbirlərin davamı olaraq 2022-ci ilin oktyabr ayının keçən dövrü ərzində respublikamızın Şabran, Siyəzən, Xaçmaz, Şəmkir, Göyçay, Biləsuvar, Bərdə, Şamaxı, Hacıqabul və Kürdəmir rayonlarındakı məktəb müəllimləri və IX-XI sinif şagirdləri ilə görüşlər keçirilmişdir. Keçirilən görüşlərdə DİN-in Polis Akademiyasının əməkdaşları ilə yanaşı müvafiq rayon polis şöbələrinin məsul əməkdaşları iştirak etmişdir. Görüş iştirakçılarına polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi, yeniyetmə və gənclərimizin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində söhbətlər aparılmışdır.
Keçirilən tədbirlərdə çıxış edən Polis Akademiyasının əməkdaşları şagirdləri salamlayaraq gələcək həyatlarında uğurlar arzulayıb. Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilmiş, Akademiyaya dair bukletlər paylanmışdır. Daha sonra ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verilərək qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Tədbirdə həmçinin, Akademiyaya qəbul qaydaları ilə bağlı abituriyentlərin sualları cavablandırılaraq orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb.
Keçirilən görüşlərin sonunda şagirdlərin sualları cavablandırılmış, birgə xatirə şəkilləri çəkdirilmişdir.