Fond sahibkarların pulunu “özəlləşdirmək” istəyir? – “Özbaşına qalsa, bankların olan-qalan əmlakının da “başına daş salacaq””

Baxılıb:232
Fond sahibkarların pulunu “özəlləşdirmək” istəyir? – “Özbaşına qalsa, bankların olan-qalan əmlakının da “başına daş salacaq””

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının onlayn formatda növbəti iclası keçirilib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bağlanmış banklarda sahibkarların qalan vəsaitlərinin qaytarılması məsələsini qaldırıb. O, çıxışında bir sıra məsələlərin həllinə, xüsusilə sahibkarların dövriyyə kapitalının çatışmazlığının həlli, bu məsələdə çeklərlə hesablaşmalardan aktiv istifadə, nağdsız hesablaşmalarda qarşıya çıxan problemlərin tənzimlənməsi, məhkəmələrdə çoxsaylı mübahisələrə baxılmasının sürətləndirilməsi, qanunvericiliklə bağlı bir sıra dəyişikliklərin aparılması kimi istiqamətlərə diqqət çəkib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov iclasda müzakirə olunan məsələlər və irəli sürülən təkliflərin hərtərəfli öyrənilməsi, həmin istiqamətlər üzrə birgə işlərin aparılması davam etdiriləcəyini bildirib. Məlum olduğu kimi, Azərbaycanda hər dəfə bank bağlanan zaman problemlər ortaya çıxır. Əmanətçilər öz vəsaitlərini geri qaytarmaq üçün məhkəmələrə müraciət etməli olurlar, sahibkarların külli miqdarda pulları “batır”, bank sisteminə olan etimada yeni zərbələr dəyir.

Xatırladaq ki, bu il lisenziyası ləğv olunan dörd bankın – “Ata Bank”, “AG Bank”, “NBC Bank” və “Amrahbank”ın bir qrup əmanətçisi də Mərkəzi Bankın qarşısında etiraz aksiyaları keçirmək məcburiyyətində qaldılar. Ötən ay isə Konstitusiya Məhkəməsinin plenumunda onların lehinə qərar çıxarıldı. İndi isə həmin banklarda vəsaitləri qalan sahibkarların pullarını geri qaytarılması məsələsi gündəmə gəlib.

Sahibkarların bu məsələdə şansları varmı, onların pullarının qaytarılacağı real görünürmü?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsi heç də bütün əmanətçilərin məsələsini həll etməyib:

“Orda qorunmayan əmanətlər də var ki, bunun qaytarılmasından söhbət getmir. Amma əlbəttə ki, bağlanan banklarda əsasən sahibkarların vəsaitləri qalıb. Bağlanan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Fond bankların daşınar və daşınmaz əmlakını tez bir zamanda satmalıdır. Digər tərəfdən bankların verdiyi kreditlər toplanılır. Fond əldə edilən vəsaitdən vətəndaşların qorunan əmanətlərini ödəyəcək. Qalan pulu isə sahibkarlara və qorunmayan əmanətləri olan əmanətçilərə ayırmalıdır. Əgər Əmanətlərin Sığortalanması Fondu işini qanuni formada qursa, bunu edə bilər. Bankların əmlakları – torpaq, bina və s. açıq hərracda satılmalıdır. Bu ona görə lazımdır ki, əmlak mümkün qədər baha qiymətə satılsın. Amma təəssüf ki, Fond indiyə qədər bunu belə etməyib”. Hüquqşünas deyir ki, Fond illərlə bağlanan bankların əmlakını satmır: “Pərdəarxası hansısa oyunlar oynanılır. Banklara borclu olduğu vətəndaşlardan vəsaitləri toplanmasında da şəffaflıq təmin olunmur. Orda da müəyyən oyunlar, sövdələşmələr gedir. Fond bəzi kreditləri bağışlayır. Bütün bunların baş verməməsi üçün Əmanətlərin Sığortalanması Fondu banklarda pulu qalan sahibkarlardan ibarət kreditorlar komitəsi təşkil etməlidir. Onlar bütün bu işlərə nəzarətə etsinlər ki, Fond həqiqətənmi hərrac keçirir, kreditləri düzgün qaytarırmı..Sahibkarların əllərinə nəzarət aləti vermək lazımdır. Bunu etsələr, bu pulların hamısı olmasa da, xeyli hissəsi qaytarılacaq. Baş verməsə, Fond özbaşına qalsa, bağlanan bankların olan-qalan əmlakının da “başına daş salacaq”, necə ki, indiyə qədər də bu cür fəaliyyət göstərib”.

Banklar bağlanılarkən, istər əmanətçilər, istərsə də sahibkarlar onlara qoyduqların vəsaitləri qaytarmaq üçün məhkəməyə müraciət etməli, aksiyalar keçirməli və s. mübarizə tədbirləri aparmalı olurlar.

Bütün bunlar ümumilikdə ölkənin bank sisteminin nüfuzuna necə təsir edir?

Əkrəm Həsənov deyir ki, hazırda həm vətəndaşlar, həm də sahibkarlar banklardan qorxurlar:

“Bilmirlər ki, hansı bankla işləsinlər. Çox pis bir tendensiya yaranıb – bir neçə iri bankımız var ki, onların bağlanma ehtimalı aşağıdır, amma onlarda bank xidmətlərinin keyfiyyəti də pisdir. Onlar müştəri məmnuniyyətini gözləmirlər. Digər banklarda isə xidmət səviyyəsi hardasa yaxşı olsa da, onların da həmişə bağlanma ehtimalı var. Təəssüf ki, bank sistemimiz ciddi böhran içindədir”.


Abunəlik