Fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Baxılıb:167
Fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

AZTİMES.az xəbər verir ki, həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

Xərçəng orqanizmin hər hansı hissəsində özünü büruzə verən yüzdən çox xəstəliyin ümumi əlaməti ola bilər. Xərçəngin tipik əlamətlərindən biri anomal hüceyrələrin sürətlə inkişaf edərək öz əhatəsini genişləndirməsidir. Həmin proses metastaz adlanır və xəstəlikdən ölüm hallarının başlıca səbəbi sayılır.

Hazırda dünyada onkoloji diaqnozdan sonra remissiya mərhələsində olan təxminən 44 milyona yaxın xəstə var. Xərçəng xəstəliklərinin yaranma səbəblərini müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olar. İlkin mərhələlərdə xərçəng şişinin aşkar edilməsi onun uğurlu şəkildə müalicə edilməsini mümkün edir. Lakin mütəxəssislər onu da xəbərdarlıq edirlər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. İlk növbədə, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan tütün tüstüsü kimi kanserogen maddələrdən uzaq olmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, onkoloji xəstələrin təxminən 70 faizinin şüa terapiyası ilə müalicəsinə ehtiyac var.

Xərçəngdən ölüm halları daha çox ağciyər, mədə, qaraciyər, yoğun bağırsaq və süd vəzi xərçəngi ilə əlaqədar olur. Həmin halların üçdə biri həyat tərzi və qidalanma ilə əlaqədar beş əsas risk faktor – yüksək bədən çəkisi indeksi, qidalanma zamanı meyvə və tərəvəzlərin az istehlakı, fiziki fəallığın olmaması, tütün və alkoqol istifadəsi ilə nəticəsində baş verir.

Saglamolun.Az


Abunəlik