Fariz Rzayev Xarici İşlər nazirinin müavini təyin edildi

Baxılıb:387
Fariz Rzayev Xarici İşlər nazirinin müavini təyin edildi

Xaric İşlər nazirinə yeni müavin təyin edilib.

Bu barədə XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlama verib.

O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Fariz Rzayev Azərbaycanın Xarici işlər nazirinin müavini təyin olunub.

Bu təyinadək Fariz Rzayev Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəis müavini vəzifəsində çalışıb.

Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub.

1994-1998-ci illərdə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutunda beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsini bitirib.

1998-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini tamamlayıb.

2000-2003-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində işləyib.

2003-2005-ci illərdə Vyana şəhərində Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyində çalışıb.

2005-2008-ci illərdə Xarici İşlər Nazirliyində diplomatik xidmətini davam etdirib.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Brüssel şəhərindəki Avropa İttifaqı yanında Nümayəndəliyinə ezam olunub.

2011-2013-cü illərdə Brüssel ezamiyyətindən qayıdaraq, Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə davam edib.

2013-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsini tutub.

2015-ci ilin iyunundan 2017-ci ilin yanvarınadək Təhsil Nazirliyinin aparat rəhbərinin müavini postunda fəaliyyət göstərib.

2017-ci ilin yanvarından iyununadək Təhsil Nazirliyinin aparat rəhbəri işləyib.

2017-ci ilin iyunundan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin katibliyinin rəis müavini vəzifəsində çalışır.


Abunəlik