Fətvanın çəkisi: “Tehran iki biabırçı variantdan birini seçməyə məcbur olacaq”

Baxılıb:22
Fətvanın çəkisi: “Tehran iki biabırçı variantdan birini seçməyə məcbur olacaq”

“Hizbullah”la İsrail arasında 1982-ci ildən başlayan, 2000 və 2006-cı illərdə özünün ən aktiv fazasına qədəm qoyan münaqişə bu ilin 23 sentyabrında yeni genişmiqyaslı münaqişə ilə nəticələndi. İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 27-də “Hizbullah”ın Beyrutdakı mərkəzi hərbi qərargahına hücumu nəticəsində hərəkatın baş katibi Həsən Nəsrullah, qızı və həyat yoldaşı öldürüldülər. Bunun ardınca isə İranin Ali Rəhbəri Əli Xamenei Həsən Nəsrullahın ölüdürülməsi ilə bağlı cihad əmri verdi və bütün müsəlmanları İsrailə qarşı vuruşmağa çağırdı. Bu isə Yaxın Şərqdə İran-İsrail maraqlarının toqquşmasının həm də dinc müsəlmanlarla yəhudilər arasında müharibəyə səbəb olacağı ilə bağlı suallar yaradır.

Mövzunu şərh edən politoloq Rəşad Bayramovun sözlərinə görə, Əli Xameneinin bütün müsəlmanlara cihad əmri verməsi İranın səssizliyi fonunda çox süni görünür:

“Bütün müsəlmanlara cihad əmri verən Əli Xamenei ilk növbədə HƏMAS-ın siyasi büro rəhbəri İsmayıl Haniyənin Tehranda, iki ay sonra “Hizbullah” lideri Həsən Nəsrullahın da İsrail ordusu tərəfindən öldürülməsinə qarşı ciddi addımlar atmalı olsa da, bu baş vermədi. Nəticə etibarilə Tehranın sükutundan istifadə edən İsrail bu gün böyük ölçüdə İranın proksi qüvvələrinə qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirir. Səbəb də budur ki, hansı formada olur-olsun, İranı birbaşa hərbi əməliyyatlara cəlb etmək və nəticə etibarilə, planlaşdırıldığı kimi, anti-İran koalisiyasını işə salıb İrana qarşı hərbi əməliyyatlar keçirmək istəyirlər. Çünki İsrail istər İranın proksi qüvvələrini hədəf alanda, istərsə də Tehranda əməliyyat keçirəndə məqsəd İranı birbaşa hərbi əməliyyatlara cəlb etmək idi. İran da bunu kifayət qədər yaxşı bildiyi üçün susmağa üstünlük verir. Yəni İranın ali lideri tərəfindən qisas xarakterli bəyanatlar İranın, sadəcə olaraq, nüfuzunu itirməməyə hesablanıb”.

“Bu baxımdan, mən İranın hansısa şəkildə İsrailə qarşı birbaşa hərbi əməliyyatlara başlayacağını və Xameneinin fətvası ilə bütün islam dünyasının İsrailə qarşı cihad edəcəyini düşünmürəm. Bunun baş verməyəcəyini hər kəs yaxşı bilir. Sadəcə olaraq, bu gün ortada bir reallıq var: İran özü də artıq hər şeyi dərk edir və əsas məqsədin onu birbaşa hərbi əməliyyatlara cəlb etmək olduğunu başa düşür”, – deyə politoloq vurğulayıb.

Müsahibimiz hesab edir ki, bütün bunların fonunda rəsmi Tehran iki biabırçı variantdan birini seçməyə məcbur olacaq:

“Birinci variantda İran Yaxın Şərqdə təsir imkanlarını və nüfuzunu itirir, ikinci variantda isə İran özünün biabırçı məğlubiyyətini birbaşa hərbi əməliyyatlarda iştirak etməklə görəcək. Tehran bu ikisindən ən az zərərli olanını seçib – kənarda dayanıb, ancaq quru bəyanatlar verməklə vəziyyətdən çıxmağa çalışır. Bu baxımdan, mən İran-İsrail maraq toqquşmasının müsəlmanlarla yəhudilər arasında müharibəyə səbəb olacağını düşünmürəm”.


Abunəlik