Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ölkədən qaçmazdan əvvəl 500 min dollar pul, qiymətli əşyalar, sənədlər, notbuklar və məxfi məlumatlar olan diskləri özü ilə götürə bilib.
Bu barədə “Reuters” 14 Suriya rəsmisinə, keçmiş liderə yaxın mənbəyə, peyk görüntüləri, uçuş izləmə məlumatları və “WhatsApp” yazışmalarına istinadən məlumat yayıb.
Məlumata əsasən, Əsədin iqtisadi məsələlər üzrə müşaviri Yasar İbrahim keçmiş prezidentin əmlakını, qohumlarını və köməkçilərini BƏƏ-yə aparmaq üçün istifadə edilən “Embraer Legacy 600” təyyarəsini icarəyə götürüb. Əsəd rejiminin süqutuna qədər 48 saat ərzində təyyarə dörd uçuş həyata keçirib.
Dəməşqdən Əbu-Dabidəki Əl-Bətin hava limanına ilk iki reys dekabrın 6-da həyata keçirilib. Həmin vaxt Əsəd ailəsinin üzvləri özləri ilə nağd pul, eləcə də rəsm əsərləri və kiçik heykəllər götürərək Suriyanı tərk ediblər. “Embraer” içərisində nağd pul olan çantalar, habelə maliyyə qeydləri, görüşlərin protokolları, eləcə də pul köçürmələri və ofşor hesabların təfərrüatı olan disklər və elektron qurğularla birlikdə dekabrın 7-də axşam saatlarında Suriya paytaxtından havaya qalxıb.