Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? – VİDEO

Baxılıb:229
Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? – VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir.

Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib.

Ümumiyyətlə, A.Qriqoryan kəndlərlə bağlı vəziyyəti qəlizləşdirəcək mövqe sərgiləyir. Parlamentin sədri Alen Simonyan bildirib ki, bu kəndlər Azərbaycana məxsusdur və mütləq təhvil verilməlidir. Onun sözlərinə görə, Ermənistan xəritəsində elə kəndlər yoxdur.

Baş nazir Nikol Paşinyan isə ümumiyyətlə, Azərbaycana qaytarılmalı olan səkkiz deyil, dörd kəndin adını çəkir. Erməni baş nazir qeyd edib ki, anklavda olmayan dörd kəndə dair heç bir iddiaları yoxdur və qaytarmağa hazırdırlar. O, anklavda olmayan dörd kənddən danışır, ancaq Qazaxın digər üç və Naxçıvanın Kərki kəndi barədə heç nə demir. Ancaq rəsmi Bakının mövqeyi konkretdir.

Bu kəndlər verilmədən sərhədlərin delimitasiyası barədə heç bir razılıq əldə etmək mümkün olmayacaq. Deməli, həm də sülh müqaviləsi ilə bağlı məsələ öz həllini tapa bilməyəcək. Kəndlər məsələsi hazırda Ermənistanın daxili siyasətində əsas müzakirə mövzusudur. Əlinə hər fürsət düşdükcə bölgəni qarışdırmağa çalışan Fransa da məsələ ilə bağlı sakit qalmaq istəmir. Bir neçə gün əvvəl Fransanın bu ölkədəki səfiri Olivye Dekottini bir qrup fransalı deputatla birgə Azərbaycan-Ermənistan sərhədinə baş çəkərək təxribatçı açıqlamalar verib. Səfirin bu addımı sərhədlərin delimitasiyası prosesini ciddi təhlükə altına qoyur. Rəsmi Parisin bölgədə sülh istəmədiyi aydındır.

Lakin Emmanuel Makronun Cənubi Qafqazda nə axtardığını səfir və deputatların sərhəddəki Zod qızıl mədəninə səfərindən anlamaq mümkündür. Əslində, bu təəssübkeşliyin arxasında dayanan əsas səbəb məhz qızıl və sərvət hərisliyidir.

Lakin Ermənistan və onun havadarları anlamalıdırlar ki, Azərbaycanın səbrinin də bir həddi var. Kəndlər sülh danışıqları çərçivəsində qaytarılmazsa, beynəlxalq hüququn qazandırdığı imkanlardan istifadə etmək lazım gələcək. Çünki bir qarış torpağımızın belə tapdaq altında qalmasına imkan verməyəcəyimizi artıq bütün dünya bilir.

Daha ətraflı “Baku” TV-nin süjetində:


Abunəlik