Ermənistan poliqona çevrilir: Paşinyanın “qələmi qırılır”?
Ermənistanda daxili siyasi sabitlik getdikcə pozulur. Əslində bu, gözlənilən idi. Ölkə daxilində artan gərginlik xeyli dərəcədə bu ölkənin xarici siyasət kursu ilə bağlıdır. Belə ki, rəsmi İrəvan balanslı xarici siyasət kursu adı altında əslində öz müstəqilliyini itirir və Qərblə Rusiya arasında qalır.
Ermənistan Qərb dövlətlərinin, xüsusilə Fransanın təzyiqi ilə hər nə qədər Rusiyanın təsirindən çıxmağa çalışsa da, buna nail ola bilmir. Beləliklə, Ermənistan bu gün iki tərəf arasında siyasi poliqona çevrilib. Bu isə öz-özlüyündə nəinki Ermənistan hakimiyyəti, həm də ümumilikdə dövlətçiliyi üçün ciddi təhdiddir.
Sentyabrın 18-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməliyyat axtarış tədbirləri nəticəsində ölkədə hakimiyyətin zorla ələ keçirilməsinə cəhdin qarşısı alınıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Qarabağdan Ermənistana gələn iki nəfərin daxil olduğu ümumilikdə 7 nəfərlik cinayətkar qruplaşma ölkədə hakimiyyəti silah gücünə devirmək məqsədilə plan hazırlayıb: “Araşdırmalar zamanı müəyyən edilib ki, həmin qanunazidd əməlin icrası üçün bu şəxslərin hər birinə 90 gün boyunca hər ay 220 min rubl məbləğində pul ödənilməklə onların Rusiya ərazisində təlim keçmələri, eləcə də Ermənistana qayıtdıqdan sonra təlimlərdə qazandıqları bilik və bacarıqları bu ölkədəki müəyyən şəxslər arasında yaymalı olduğuna dair razılıq əldə olunub. Bir müddət sonra onlar Rusiyanın Rostov şəhərinə gələrək, buradakı “Arbat” hərbi bazasında təlimlərə cəlb edilib, burada müxtəlif silah və hərbi texnikadan istifadənin sirlərinə yiyələniblər”.
İstintaq onu da müəyyən edib ki, həmin şəxslərin bəziləri sonradan Ermənistanda dövlət çevrilişinə dair tapşırığın icrasından imtina edib, üç nəfər isə hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı zamanı həbs olunub.
Komitədən 4 nəfər barəsində axtarış elan edildiyi də açıqlanıb.
Əslində belə bir cəhd o qədər də təəccüblü deyil. Nəzərə almaq lazımdır ki, rəsmi İrəvan uzun illər Moskvanın forpostu olub. Ermənistanda 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndən sonra isə ölkənin xarici siyasət kursu ilə bağlı ciddi dəyişikliklər meydana çıxdı. Bir vaxtlar Rusiyanın “çətiri altında” gizlənən Ermənistan Qərbin 3T prinsipi- təsir, təzyiq və təhriki ilə keçmiş havadarından uzaqlaşmağa başladı. Bu gün isə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq məsələsini gündəmə gətirir.
Ermənistan əslində zəif aktordur. Elə buna görə onun üstündə Qərb və Rusiya arasında rəqabət gedir. Hər iki tərəf Cənubi Qafqazda təsir göstərə bildikləri aktor, yəni rəsmi İrəvan vasitəsilə özlərinin regiondakı təsir “rıçaqlarını” gücləndirməyə çalışırlar.
Ermənistanın Rusiyadan uzaqlaşmaq cəhdləri Kremli narahat etməmiş deyil. Çünki Rusiya imperialist dövlətdir və indi Ermənistan kimi cılız bir oyunçunun ona meydan oxuma cəhdlərini qəbul etmək istəmir. Bu mənada Kremlin Paşinyanın əlindən təngə gəlməsi və perspektivdə hətta onun “qələmini qırması” mümkündür.
Ermənistanın Rusiyaya qarşı atdığı addımlar reallıqlara adekvat deyil. Çünki İrəvan hər nə qədər Moskvanın təsirindən çıxmağa çalışsa da, faktiki olaraq ikincinin birinci üzərində “Domokl qılıncı” var: Ermənistan iqtisadi cəhətdən xeyli dərəcədə Rusiyadan asılıdır. Üstəgəl, Ermənistanda Rusiyanın 102-ci hərbi bazası var. Perspektivdə həmin hərbçilərin hakimiyyətə qarşı hansısa addım atması qətiyyən istisna deyil. Hərçənd heç buna ehtiyac da yoxdur. Ermənistanda Rusiyanın əlaltıları az deyil. N.Paşinyanın həyatına və hakimiyyətinə qarşı hansısa cəhd Rusiya üçün o qədər də asan deyil.
Bunu baxmayaraq, onu da deməliyik ki, Ermənistan baş naziri hələ ki, Qərbə lazımdır. Ona görə də Fransa və ABŞ onun təhlükəsizliyinin təmin olunmasına, hakimiyyətinin qorunmasına çalışır.
Dünənki çevriliş cəhdi xəbərləri ilə bağlı yayılan məlumatda göstərilib ki, cinayətkarlar Rusiyada xüsusi təlim keçiblər. Rəsmi Moskva hələ ki, bu məsələyə münasibət bildirməyib. Mümkündür ki, proses sadəcə quramadır və Ermənistanın Rusiyadan uzaqlaşmaq üçün atdığı növbəti addımdır. Nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyətinin xeyli hissəsi rusiyapərəst olmaqla hakimiyyətin hazırkı siyasətinə qarşı çıxırlar. Ona görə də, ola bilsin, iqtidar belə üsullarla ictimai rəyə təsir etmək istəyir.
Hərçənd deyilənlərin doğru olması və Rusiyanın, həqiqətən, artıq Paşinyanın “qələmənin qırılması” barədə qərar qəbul etməsi mümkündür. Əgər belədirsə, gələcəkdə tərəflər arasında gərginliyin artması, pik həddə çatması mümkündür.
Bu isə o deməkdir ki, hazırda Qərblə Rusiya arasında siyasi poliqon olan Ermənistanın gələcəkdə Ukraynanın taleyini yaşayaraq hərbi poliqona çevrilməsi də mümkündür.
Yeri gəlmişkən, xatırladaq ki, N.Paşinyan sentyabrın 18-də II Ümumdünya Erməni Sammitində çıxışı zamanı deyib ki, dünyada Ermənistanın təhlükəsizliyini təmin edə biləcək ölkə və ya hərbi blok yoxdur: “Bölgədə sülh təmin olunarsa, Ermənistanın təhlükəsizliyi onun özü tərəfindən təmin edilə bilər, çünki biz təhlükəsizlik təminatlarından danışırıqsa, o zaman yalnız bir təhlükəsizlik zəmanəti var – bu, sülhdür. Hökumətimizin siyasəti bunun nə qədər çətin olduğunu anlayaraq bu zəmanəti yaradıb”.
O, sözügedən sammitdə çıxışı zamanı, həm də Türkiyə ilə münasibətlərin normallaşmasından da danışıb.
Bu, bir daha onu göstərir ki, Ermənistanın mövcud hakimiyyəti nə Qərbə, nə də Rusiyaya güvənir. Və yeni “təhlükəsizlik çətiri” axtarır.
Maraqlıdır ki, elə həmin gün Rusiyanın haker qruplarından biri FTP ötürmə sistemi vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanın aparatının məlumat bazasına sızdığını iddia edib. Hakerlər hökumətdən onların hesabına 2,5 milyon dollar köçürməyi tələb ediblər. Əks təqdirdə, məlumat bazası növbəti 48 saat ərzində məhv ediləcək.
Qeyd olunur ki, bu ilin iyun ayında Ermənistan prezidenti, baş naziri və hüquq-mühafizə orqanlarının rəsmi saytlarına hücumun həmin haker qrupu tərəfindən təşkil edildiyi ehtimal olunub.
Bu, bir daha onu deməyə əsas verir ki, Rusiya üçün nəinki Ermənistanın informasiya məkanına, hətta hakimiyyətin aparat mənbəyinə müdaxilə çətin məsələ deyil.
İstisna deyil ki, sözügedən məsələ həm də Rusiyanın Ermənistana bir mesajı, bəlkə də, hədəsi idi.
Rusiya hələ ki, baş verənlərə ona yaxın media vasitəsilə reaksiya verib. Hakimiyyətə yaxın “Nezavisimiya qazeta” nəşri Ermənistanda hakimiyyət çevriliş cəhdini şərh edərkən bunu xüsusilə adı çəkilən ölkə ilə KTMT arasındakı münasibət kontekstindən qiymətləndirib. Bildirilib ki, bu hadisədən sonra Ermənistanın qurumdan uzaqlaşması istiqamətində daha ciddi addımlar atıla bilər.
Beləliklə, bütün bunlar yaxın vaxtlarda Ermənistanda daxili siyasi gərginliyin artacağına işarədir. Qərbin artan maliyyəsi, müxtəlif orqanları, təşkilatlarının artması da buna işarədir.