Ermənipərəst Fransa Minsk Qrupunun həmsədri ola bilir, qardaş ölkə yox? – GƏLİŞMƏ

Baxılıb:174
Ermənipərəst Fransa Minsk Qrupunun həmsədri ola bilir, qardaş ölkə yox? – GƏLİŞMƏ

Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı başlatdığı müqəddəs Vətən müharibəsi davam edir. Bu savaşda təbii ki, Türkiyə başda olmaqla, dost-müttəfiq ölkələrin hamısı yanımızdadır. Ələlxüsus qardaş ölkənin dəstəyini heç vaxt olmadığı qədər öz üzərimizdə hiss edir, görürük. Bu isə Ermənistan və havadarları üçün çox güclü çəkindirici amildir. O anlamda ki, öz ərazi bütövlüyünü hərbi güc yolu ilə azad eləməkdə olan Azərbaycanı kimsə tənha-yalnız bilməsin.

Bu, Ordumuzun irəliləməsi üçün, ərazilərimizi sürətlə təmizləməsi baxımından gerçəkdən də çox böyük mənəvi gücdür. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun son Bakı səfəri zamanı biz bir daha bu təmənnasız dəstəyi gördük, qardaş ölkənin özünün bütün resursları ilə yanımızda olduğuna əminlik hasil elədik.

“Türkiyə bizim üçün təkcə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir, necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bayrağı bizim üçün əziz bayraqdır, Azərbaycan bayrağı qədər əzizdir. Ancaq təbii ki, bu münaqişə, bu döyüşlər zamanı Türkiyənin dəqiq mövqeyi, cənab Prezident, mənim qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, Azərbaycana göstərilən dəstək, Türkiyədən gələn məktublarda insanların ”Azərbaycan tək deyil” sözləri əlbəttə ki, Türkiyəyə olan məhəbbəti daha da artırdı”.

Prezident İlham Əliyev bu fikirləri CNN-Türk televiziyasına müsahibəsində Azərbaycan-Türkiyə qardaşlığından, Türkiyənin Azərbaycana dəstəyindən danışarkən səsləndirib.

“Siz də bunun şahidisiniz ki, bütün bölgələrdə Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır. Eyni zamanda bu gün Türkiyədə də Türkiyə ilə Azərbaycan bayraqları bir yerdə dalğalanır. Mənə göstərilən o videokadrlar da bizi çox duyğulandırır, çox məmnun edir ki, bizim türk qardaşlarımız orada avtomobilləri, binaları Türkiyə və Azərbaycan bayraqları ilə bəzəmişlər. Yəni bu, əsl qardaşlıq, həmrəylik rəmzidir. Azərbaycanı Türkiyə qədər dəstəkləyən ikinci ölkə yoxdur. Dünyada Türkiyəni də Azərbaycan qədər dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyük sərvətimizdir”, – deyə dövlət başçısı vurğulayıb…

*****

Bakıda M.Çavuşoğlu onu da söylədi ki, Türkiyə Dağlıq Qarabağa dair nizamlanma prosesində öz fəaliyyətini gücləndirmək əzmindədir. Eyni zamanda o, qardaş ölkənin ATƏT-in Minsk Qrupu həmsədrliyinə iddialı olduğunu dilə gətirdi.

“Bizə Rusiya ilə birgə işləmək lazımdır. Biz əməkdaşlıq eləmək istəyirik. Türkiyə ATƏT-in Minsk Qrupuna daxildir. Ancaq problemin həlli ilə üçlər – həmsədr ölkələr kimi Rusiya, Fransa və ABŞ məşğul olub. Doğru, 30 il ərzində Minsk Qrupu bu konfliktin həlli üçün heç bir konkret addım ata bilməyib və özünün bacarıqsızlığını nümayiş etdirib. Türkiyə Dağlıq Qarabağ ixtilafının həllində öz iştirakını aktivləşdirmək və Minsk Qrupunun həmsədrləri sırasına daxil olmaq istəyir”, – deyə Türkiyə baş diplomatı qeyd edib.

Əlbəttə ki, rəsmi Ankara həmsədrliyi çoxdan haqq edib. Necə olur ki, ermənilərə Ermənistandan çox yanan Fransa həmsədr ola bilir, Azərbaycana simpatiyası olan təbii müttəfiqimiz qardaş Türkiyə yox? Bu, həm də vasitəçilikdə çoxdan ermənilərin xeyrinə pozulmuş balansı bərpa eləmək baxımından çox önəmlidir.

Əslində Türkiyə Azərbaycandan çox, haqqın tərəfindədir. Yəni Allah eləməmiş, Ermənistan da hansısa bir məsələdə haqlı olsaydı, qardaş ölkə onu da qeyd-şərtsiz müdafiə edərdi. Çünki Türkiyə dürüst, vicdanlı və beynəlxalq hüquqa daim sayğılı bir dövlətdir.

*****

Çavuşoğlunun iki gün öncəki Bakı səfərində sözsüz ki, ikitərəfli önəm daşıyan başqa mətləblər də var idi.

“Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakı səfərində əsas məqsəd son vaxtlar atəşkəsə əməl edilməsi ilə bağlı Azərbaycana edilən çağırışlarla bağlıdır. Bu çağırışları Rusiya, Fransa, Avropa İttifaqı, hətta Amerikada müəyyən qüvvələr edir. Onlar bildirirlər ki, danışıqları dayandırın və danışıqlar masası arxasında əyləşin”.

Bunu politoloq Qabil Hüseynli Türkiyə baş diplomatının Bakıya səfərini Teleqraf.com-a şərh edərkən deyib. O qeyd edib ki, erməni işğalçıları hücum edəndə, bir milyondan artıq insanı öz doğma yurd-yuvasından didərgin salanda, Xocalı, Qaradağlı kimi soyqırımlar baş verəndə indi atəşkəsə çağırış edənlər ağızlarına su alıb durmuşdular: “Sanki heç nə görmürdülər. Amma indi xalq ayağa qalxıb, torpaqlarını azad etmək istəyir. İndi də buna imkan vermək istəmirlər. Azərbaycan başqa torpaqlarda deyil, öz torpaqlarında döyüşür. Buna görə də ölkəmizə təzyiqlər güclənir. Məncə, Çavuşoğlunun səfəri mesaj xarakteri daşıyır. Cənab Ərdoğan bildirir ki, bizə heç kimin məsləhəti lazım deyil, Azərbaycan öz işini yaxşı bilir. Çavuşoğlu da məhz bunu Fransa kimi özündən çıxan, erməni üçün az qala ölümə getməyə hazır olan Makrona mesaj vermək üçün gəlmişdi. Bəli, Azərbaycanın heç kimin məsləhətinə ehtiyacı yoxdur. İndiyədək siz sülhyaratma prosesində heç nəyə nail olmamısınız. Xalqın canını boğazına yığdınız, axırda xalq ayağa qalxıb torpaqlarını tələb etməyə başladı”.

Qabil Hüseynli qardaş ölkənin cəbhə bölgəsində və ondan kənarda baş verən hadisələri yaxından izlədiyinə diqqət yönəldərək deyib: “Ona görə də Çavuşoğlu ilk nəbz yoxlama işinə başlayıb. O, vəziyyəti, Azərbaycana təzyiqlərin xarakterini öyrənib. Türkiyə tərəfi müəyyən etmək istəyir ki, Ermənistana canlı qüvvə və texnika ilə hərbi yardım göstərən varmı? Türkiyə bəzi məsələlərlə bağlı məsləhətləşmələr həyata keçirmək istəyir. Yəqin ki, Mövlud bəy geri qayıtdıqdan sonra öz ölkəsinin prezidenti ilə əldə etdiyi bilgiləri bölüşəcək. Bundan sonrakı işlərin necə qurulacağı məsələləri müzakirə ediləcək. Sözsüz ki, hər şey ölkəmizin istədiyi kimi olacaq və Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək”.

*****

Buna indi əcnəbi analitiklər də şübhə eləmirlər. Yetər ki, Ermənistanın əsas müttəfiqi olan Rusiya öz neytrallığını saxlasın. Rəşadətli ordumuz öz missiyasını uğurla davam etdirir və etdirəcək.

“Ermənistanın Azərbaycanla müharibə aparması üçün sahib olduğu resurslar, o cümlədən silah-sursat və yanacaq 2-3 həftəlik döyüş əməliyyatlarına kifayət edəcək, sonra İrəvanın döyüşməyə heç nəyi qalmayacaq”.

Bunu Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru, hərb ekspert İqor Korotçenko deyib. O bildirib ki, hazırda münaqişə zonasında erməni qoşunları ilə Azərbaycan qoşunları arasında Azərbaycan ərazisində tammiqyaslı döyüş əməliyyatları gedir: “Bu, müharibədir. Mənim proqnozlarıma əsasən, Ermənistan 2-3 həftə müddətində eyni gərginlikdə döyüşlərə davam edəcək, daha sonra, heç bir xarici dəstək olmasa, onların resursları bitəcək. Başa düşmək lazımdır ki, bu, müharibədir. Burada həm uğurlar, həm də uğursuzluqlar ola bilər. Hər şey Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları ağıllı planlaşdırmasından asılıdır. Hələlik seçilmiş taktika, yəni əsgərlərin həyatını qorumaqla və yüksək dəqiqlikli silahlardan istifadə etməklə irəliləmək mümkün olub. Buna cavab olaraq isə Ermənistan Azərbaycanın dinc şəhərlərini atəşə tutur. Bu, hərbi cinayətdir”.

Öz növbəsində Rusiyanın hava-desant qüvvələrinin keçmiş komandanı general-polkovnik Georgi Şpak Azərbaycan Ordusunun uzağı bir ay ərzində Qarabağın mühüm bir hissəsini zəbt edəcəyini deyib (Virtualaz.org).

“Mən bu münaqişəni yaxından izləyirəm və tərəflərin gücünü qiymətləndirirəm. Azərbaycan daha güclüdür. Türkiyənin Azərbaycana yardımını nəzərə alaraq (söhbət birbaşa hərbi yardımdan getmir – red.) ermənilərə görə çox üzülürəm” – Şpak deyib.

“Azərbaycan bütövlükdə Qarabağı zəbt etməyəcək, amma iddia etdiyi hissəsini şübhəsiz ki, ələ keçirəcək. Bir ay ərzində beynəlxalq ictimaiyyət müharibəni dayandıra bilməsə, Azərbaycan öz planını yerinə yetirəcək”, – deyə general bildirib və əlavə edib: “Azərbaycan qələbə çalacaq”.

Bu qələbəyə indi artıq işğalçı Ermənistanda da əmin olmağa başlayıblar… 
//musavat.com//


Abunəlik