Ermənilər Azərbaycanın təbiətinə bu qədər maddi ziyan vurublar
1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.
Bu barədə məlumat Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında bildirilib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli, həmçinin Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindən Azərbaycan Ordusunun müdafiə arsenalına, habelə öldürülmüş və öldürülməsinə cəhd göstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını elan edib.
Belə ki, 1988-2024-cü illər ərzində ümumilikdə 3053 nəfəri mülki, 15 min 298 nəfəri hərbi qulluqçu, 17 min 607 nəfəri kişi, 744 nəfəri qadın, onlardan 401 nəfəri uşaq olmaqla, cəmi 18 min 351 şəxs qəsdən öldürülüb, ümumilikdə 3710 nəfəri mülki, 51 min 467 nəfəri hərbi qulluqçu, 54 min 103 nəfəri kişi, 1074 nəfəri qadın, onlardan 457 nəfəri uşaq olmaqla, cəmi 55 min 177 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.