Erməni müəllifin “Newsweek”dəki 7 saxta məlumatı belə ifşa edildi

Baxılıb:24
Erməni müəllifin “Newsweek”dəki 7 saxta məlumatı belə ifşa edildi

Tanınmış “Newsweek” nəşrində Stefan Peçdimalci adlı müəllifin Azərbaycana qarşı ciddi təhriflər, saxta ittihamlar və yalan məlumatlarla bəzədilmiş “Dağlıq Qarabağdakı erməni kilsələrinin müdafiəsi dünya üçün əsas şərt olmalıdır” adlı məqaləsi yayılıb.

Faktyoxla Lab. həmin məqalədə irəli sürülən iddiaları araşdırıb.

Əvvəlcədən qeyd edək ki, bu araşdırma, “Newsweek” kimi tanınmış KİV təmsilçisinin 2 məsələdə medianın təməl prinsiplərini (medianın tərəfsizliyi və məlumatların araşdırılmadan, dəqiqləşdirmədən yayılması) kobud şəkildə pozması faktlarlarını göstərmək üçün hazırlanıb.

1. “Medianın tərəfsizlik prinsipinin pozulması”

Bunun üçün əvvəlcə, müəllifin kimliyi barədə qısa arayış verməliyik. Müəllif Stefan Peçdimalci San-Fransiskoda anadan olub.

“Yahoo”, “CBS İnteraktiv” kommunikasiya üzə direktor, “Sparkpr”-da direktor, nəhayət son 7 ili “Edelman Erned Media”-da baş vitse-prezident vəzifələrində çalışıb. Mənbə (“Edelman” şirkətinin COP29-a qarşı kampaniyada yer alması haqda ətraflı araşdırmamızı təqdim edəcəyik)

Diqqət! Bir çox mənbələrdə qeyd olunur ki, Stefan Peçdimalci (ad-soyad onun erməni kimliyini bəlli etməsə də) qondarma “erməni soyqırımı”ndan qaçıb canını qutara bilən şəxsin nəvəsi və erməni-amerikalılar nəslinin ilk nümayəndəsidir.

Biz, qətiyyən milliyyətçi düşüncədən deyil, sırf peşəkar media prizmasından məsələyə yanaşırıq. Yəni bu şəxsin istər “Qarabağ” mövzusu olsun, istərsə də ötən əsrin əvvəllərində Osmanlı Türkiyəsində baş verən hadisələr haqda qələmə aldığı yazıları “maraqlı tərəfin” qərəzli iddiaları kimi qəbul etməliyik. Onun məhz etnik kimliyi bu mövzularda qələmə aldığı məqalələrin (newsweek-də, muckrack-da) birtərəfli və qərəzli alınmasında müstəsna rol oynayıb.

b) Yalan və saxta məlumatların araşdırlmadan, dəqiqləşdirilmədən yayılması

Məqalədə qeyd olunan və diqqət çəkən əsas iddialara aydınlıq gətirək:

1) Müəllif məqalədə “mübahisəli ərazi Nagornı Karabax(Artsax)” ifadəsini işlədib.

Əvvəla, “Dağlıq Qarabağ Muxtar Vilayəti” (“Nagornı Karabax” ifadəsi də rus dilindən tərcümədən götürülüb-red.) Sovet İttifaqı qurulandan (1920-ci ildə Şərqdə ilk demokratik respublika olan ADR-in süqutundan sonra) 3 il sonra gələcək nəsillər üçün problemli mövzu olaraq saxlanılması üçün Azərbaycanın Qarabağ deyilən coğrafi ərazisində yaradılıb. Hazırda belə bir quruluş mövcud deyil. Həmin ərazi Azərbaycanın Qarabağ iqtisadi zonası adlanır. “Artsax” isə 1991-1994-cü illər ərzində Ermənistan terorçu birləşmələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarında qurulan, heç bir dövlət (hətta Ermənistan belə-red.) tərəfindən tanınmayan, 28 il ərzində “mövcud olmuş” qondarma və terrorçu xuntaya verdikləri addır.

Heç bir rəsmi sənəddə, BMT-nin qəbul etdiyi qətnamələrdə, beynəlxalq münasibətlərdə Azərbaycanın Qarabağ iqtisadi zonası “mübahisəli ərazi” kimi tanınmır və “arsax” adlı qondama ifadəni isə separatçı ermənilər və onlara yaxın qərəzli və tərəfkeş “Qərb mediası”ndan başqa heç kim işlətmir. Qarabağda erməni əhalisinin yaşadığını qəbul etsək belə, bu, həmin ərazilərin onlara məxsus olduğu anlamına gəlməməlidir. Necə ki, müəllif Stefan Peçdimalcinin yaşadığı ABŞ-nin Kaliforniya ştatında, Fransanın Marsel şəhərində, Rusiyanın Krasnodar diyarında erməni sakinlər nisbətən üstünülk təşkil edirlər, anoloji hal Azərbaycanın Qarabağ iqtisadi zonasında da baş verib. Bir fərqlə ki, nə Kaliforniyada, nə Marseldə, nə də digər ölkələrdə yaşayan ermənilər silaha sarılaraq, başqa dövlətlərin dəstəyi ilə üstünlük təşkil etdikləri ərazidən aborigen xalqları zor gücünə qovub, yerli əhaliyə qarşı soyqırımı törədib (“Xocalı soyqırımı”, “Ağdaban soyqırımı”, “Qaradağlı soyqırımı”) 28 illik məcburi köçkün həyatı yaşatmayıblar.

2) Müəllif qeyd edir ki, “Armenia” xristianlığı ilk qəbul edən millət olub. (As the first nation to adopt Christianity in 301 AD, Armenia’s identity and culture has been closely defined by its Christian faith, which makes these historical symbols so important to their survival as a people).

Tamamilə saxta və manipulyativ iddiadır.

Əvvəla, “Armenia” adlı millət, xalq yoxdur. Var “hay/hayk” (ermənilər özlərini belə adlandırırlar), “armenian” (ingilis dilində belə adlanır), “armyanin” (rus dilində) və “erməni” (Azərbaycan/türk dillərində)

“Armenia”-nın yaranma etimologiyasına baxsaq görərik ki, bu sözün kökü olan “Arima” sözünə qədim yunan mənbələrində rast gəlinir. (Richard Talbert, ed. (2000). Barrington Atlas of the Greek and Roman World. Princeton University Press. p. 66, and directory notes accompanying. ISBN 978-0-691-03169-9.) Qədim yunan mifalogiyasında Zevsin rəqibi Tifonla əlaqəli “yerin təkindəki əraziyə” deyilib. Homer “İlliada”sında Arimoyların ölkəsindəki bu yer “Tifonun zalı” kimi təqdim olunur. Tarixçi Kallisfen (b.e.ə IV əsr) Arimeylərin ərazisini Arimo və Arima dağlarında, daha doğrusu Korikian mağaraları ətrafında, Kalika çayının yaxınlığında göstərir. Təsadüfi deyil ki, Türkiyənin indiki Karaman əyalətində Ermenek adlı şəhər mövcuddur. Bisitun yazılarında (b.e.ə 520-ci il) Armini sözü (Armenia) “yüksəklik”, “yuxarı ölkə” kimi təqdim olunur. Urartu mənbələrində (b.e.ə VII əsr) “Arme” Dəclə və Fərat çaylarının yuxarı axını aralığındakı ərazi kimi göstərilir. Sonradan Strabon Arimoyu Kilikiya və Suriya ərazisinə aid edərək aromoyları Suriya aramoensları (arameylər) adlandırır.

Professor C. Kembell (J.Campbell “The Hittites. Their Inscriptions and their History”, Montreal, Toronto, 1890) əsərində göstərir ki, “Armini” sözü Arimа/Arimi/Erme tayfalarının adından götürülüb. Bu tayfalar isə Nairi xalqları qrupuna daxil edilər. Qədim misirlilər onları mesopatomiya Naharaimləri adlandırırblar. İvritcə olan mətnlərdə “Aram Naharaim”, Assuriya mənbələrində isə Nairi kimi göstərilir. Daha sonra “Fessaliya Armeni” və “Fessaliya Armeniyası” ifadələrinə rast gəlinir ki, bu ifadələrin indiki haylara heç bir aidiyyatı yoxdur. Hətta Herodot yazırdı ki, fessaliyalılar naməlum pelasq dilində danışırlar və o, bu dili “varvar dili” adlandırıb. Qeyd edilənləri sübuta yetirən yetərli mənbələr (İ.Dyakonov, C.Kempbell və digərləri) var.

Dərinliyə varmadan, tarixi mənbələrə istinadən qeyd edək ki, “Armenia” coğrafi ərazinin adı olub və həmin ərazidə müxtəlif xalqlar yaşayıb və bütün bunların indiki Ermənistana, Armeniaya, Hayasatana (ermənilər ölkələrini belə adlandırırlar) heç bir aidiyyatı yoxdur.

“Strabon xəritəsi”

Mənbələrdən məlumdur ki, hayların böyük fəxrlə söz açıqları 301-ci ildə “Armenia” Böyük Roma İmperatorluğunun vassalı-müstəmləkəsi idi. Həmin vassallığa nəzarət edən Tridat isə Romaya sadiqliyini göstərmək üçün xristianlığı qəbul edənlərə qarşı qəddar təqibə başlamışdır. Bu isə nə 301-ci ildə, nə də 302-ci illərdə indiki haylara heç bir aidiyyatı olmayan Armenia deyilən ərazidə xristianlığın dövlət tərəfindən rəsmi qəbulu haqda mifləri puç edir. Tarixi faktlar təsdiqləyir ki, xristianlığın ilk yarandığı dövrlərdə “Armenia” deyilən coğrafi ərazidə bu dinin ardıcılları olmayıb. Yeri gəlmişkən deyək ki, erməni kilsəsinin əsası Qriqori tərəfindən qoyulsa da (ona görə Qriqorian kilsəsi adlanır-red.) bu faktın özü təzadlıdır. Çünki, Qriqori apostol (həvari) olmayıb və kilsə də Apostol kilsəsi adlana bilməzdi. Sonuncu məqam, xristianların müqəddəs kitabı “Bibliya”da nə Armenia, nə də “armenians”, “hay”, “hayk” kimi ifadələrə rast gəlinməməsi yetərli qədər düşündürücü fakt sayılmalıdır.

3) Müəllif qeyd edir ki, Qarabağda mövcud olan erməni xristian abidələrinin minillik tarixi var və “Reuters” və “Bibliya muzeyi”nin məlumatlarına görə, 400 erməni kilsə/dini obyekti hücuma məruz qalıb, vandalizm təhlükəsi altındadır.

Tamamilə saxta məlumatdır. Əvvəla, ermənilərin Qarabağda mövcudluqları tarixi 1828-ci ildən o tərəfə keçmir. Bu barədə yetərli qədər məlumatlar var, bu yazının əsas mövzusu olmadığı üçün yalnız bir sitatla kifayətlənməli oluruq. Ermənilərin yaşadıqları əraziyə sonradan gəlmələri barədə Rusiyanın Tehrandakı səfiri və rus alimi, əslən Sankt-Peterburqdan olan N.Şavrov yazdığı əsərində öz fikirlərini açıq şəkildə belə ifadə etmişdir: “… Biz köçürməyə Zaqafqaziyaya rusları deyil, digərlərini yerləşdirərək başladıq. 1826-1828-ci il müharibəsindən sonra, 1828-1830-cu illər arasında iki ildə 40.000-dən artıq İran ermənisi və 84.000 Türkiyə ermənisini erməni nüfuzunun az olduğu Gəncə və İrəvan vilayətləri ilə Tiflis vilayətinin Borçalı, Axalçiki və Axalkələk bölgələrində ən yaxşı münbit torpaqların olduğu ərazilərdə yerləşdirdik. Qəbul edilməlidir ki, rəsmi olaraq yerləşdirilən 124.000 erməni, qeyri-rəsmi olaraq yerləşdirilənlərlə bərabər sayları 200.000-ni keçməkdədir. Bu yüzilliyin sonunda Zaqafqaziyada 1,3 milyon olan ermənilərin 1 milyondan çoxu bu bölgənin yerli xalqı olmayıb, bizim tərəfimizdən yerləşdirilənlərdir…”. mənbə

Əgər söhbət saxta erməni dini abidələrindən deyil, tarixi Alban məbədlərindən gedirsə, bəli, Azərbaycan ərazisində erməniləşdirilmiş, saxtalıqla tarixi dəyişdirilmiş alban abidələrinin sayı 54-56-dır, 400 deyil. Bu abidələrin quruluşu, forması, tarixi baxımdan Qədim Alban mədələrinə mənsubluğu haqda yetərli qədər tarixi sənədlər var və Azəbaycan dövləti öz suverenliyini tam bərpa edəndən sonra bu abidələrin dövlət tərəfindən qorunacağı haqda qərar qəbul edib. Qeyd edilən dini abidələrlə bağlı ətraflı araşdırmanı yaxın vaxtlarda saytımızda təqdim edəcəyik.

Abidələrin “dəyişdirilməsinə”, “erməni irsinin” silinməsinə gəlincə isə elə müəllifin də toxunduğu bir faktla həmin iddiaya cavab verək.

Müəllif yazır ki, Azərbaycan Şuşa şəhərinə nəzarəti ələ keçirəndən sonra (burada müəllif qondarma “Şuşi” sözündən istifadə edir-müəl.) restavrasiya adı altında Müqəddəs Xilaskar məbədi (ermənicə Qazançetsots) tam dağıdılıb.

Tamamilə yalan və saxta məlumatdır.

Qazançı məbədi – Tarixi mənbələrə görə, indiki Qazançı kilsənin yerində 1722-ci ildə, Alban memarlığına aid birnefli məbəd olmuşdur. 1858-ci ildə bu məbədin yanında rus komandanlığının göstərişi ilə zəng qülləsi tikərək, binanı dindar rus əsgərlərinin istifadəsinə veriblər. Kilsənin üzərindən asılan zəng, Şuşadakı rus komandanlığının tələbi ilə Rusiyanın Tula şəhərində hazırlanaraq, hərbçilərin köməyi ilə Şuşaya gətirilib. Bunu ermənilərin özləri də etiraf edirlər. Lakin Alban məbədin həcmi kiçik olduğundan o dövrdə əsgərlərin sayı çox olduğu üçün kilsə kimi əsgərlərin tələbini tam ödəyə bilmirdi. Daha bir rəvayətdə deyilirki o dövrdə Alban məbədi ilə paralel Xanlığın Divanxanasından da rus əsgərlərinin ibadəti üçün istifadə edilib. Bu cür parakəndəlik, rus əsgərlərinin ibadəti üçün kilsə tikintisinə zərurət yaranıb.

1868‒1887-ci illərdə bu Alban məbədini sökərək onun xarabalığı üzərində, rus provaslav kilsə memarlığı üslubunda yeni kilsə tikiblər.

Həmin məbədin ötən əsrin ortalarında, yəni Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalına qədər çəkilmiş fotosu:

Bu isə Azərbaycanın Şuşa şəhərinin işğalı günü erməni jurnalistlər tərəfindən çəkilmiş fotosudur:

Bu isə tarixi-dini abidəyə Azərbaycan dövlətinin münasibətidir…

Şuşadakı Qazançı kilsəsinin bərpası Azərbaycan dövlətinin öz ərazisindəki mədəni irsə, o cümlədən xristian irsinə diqqətini nümayiş etdirir

Müəllifin Laçındakı (məqalədə şəhərin əsl adı qondarma “Berdzor” kimi qeyd olunub-red.) “Müqəddəs Yüksəliş kilsəsi”nin sökülməsi haqda dedikəri isə manipulyasiyadır. Aydınlıq gətiririk:

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın qədim şəhəri olan Şuşa şəhərinin işğalından 10 gün sonra 18 may 1992-ci il tarixində Laçın rayonunu işğal edib, dinc insanları qətlə yetirib, canlarını qutaranları isə öz evlərindən didərgin salıblar.

1998-ci ildə ermənilər Laçın şəhər sakini, öz evindən qovulmuş Qubad İbrahimova məxsus evi sökərək, qeyd edilən kilsəni tikiblər. Foto-skrinlərdə 1988-ci ildə Azərbaycanın yerli hakimiyyət oqranları tərəfindən Qubad İbrahimova verilmiş sənədlərin surəti və ermənilərin tikinti aparmasını tədiqləyən fotolar verilib:

Bu Qubad İbrahimova verilmiş sənədlərin surətləridir:

Bu, həmin ərazidə inşası gözlənilən kilsənin yerinin fotosudur:

Bu isə inşa olunan kilsənin fotosudur:

Faktlardan da göründüyü kimi, Laçında tikilən kilsənin 26 illik tarixi var və bu kilsə öz yurdundan qovulmuş bir şəxsin evi sökülərək inşa edilib.

4) Müəllifin “XX əsrin ilk soyqırımı, 1,5 milyon erməninin Osmanlı tükləri tərəfindən sistematik məhv edilməsi” iddasına gəlincə, bu məsələyə də geniş toxunmayacağıq. Qeyri-türk millətindən olan müəllif Jeremy Saltın elə Stefan Peçdimalcinin həmin “Newsweek” nəşrində 17 dekabr 2023-cü il tarixində dərc olunan (“The True Meaning of Ataturk’s Legacy” (Atatürk mirasının əsl mahiyyəti”) məqaləsinə yazdığı cavab yetərlidir.

J.Solt yazır: “Ermənilər sistematik olaraq məhv edildi” ifadəsi yanlışdır. Bu ittiham mütləq şəkildə gənc türklərin bütün erməniləri qırmaq üçün bir araya gəlmələri haqda “etibarlı mənbələr” tərəfindən uydurulmuş, lakin uzun illərdən bəri saxta olduğu sübuta yetirilən iddiadır. Bugünkü Türkiyənin cənub-şərqində doğrudan da ermənilər həlak olmuşlar. Bir qismi xəstəlikdən, bir qismi çətin həyat şəraitindən, bir çoxu isə döyüşlərdə. Amma dəqiq 2-3 milyon türk, kürd və digər müsəlman qruplar soyqırımına məruz qalmışlar. Nə qədər ki, Qərbli tarixçilər bu məsələni göz ardına alır, diqqətdən heç vaxt qaçırmaq olmaz ki, ermənilər müsəlmanlara qarşı böyük ölçüdə soyqırımı həyata keçirmişlər”.

Nəticə:

•“Newsweek” nəşrində Stefan Peçdimalci adlı müəllifin “Dağlıq Qarabağdakı erməni kilsələrinin müdafiəsi dünya üçün əsas şərt olmalıdır” adlı məqaləsi Azərbaycana qarşı ciddi təhriflər, yanlışlıqlar və yalan məlumatlarla bəzədilmiş, qərəzli və birtərəfli yazıdır;

• “Newsweek” nəşri bu məqaləni verməklə medianın tərəfsizlik və məlumatların yoxlanılmadan yayılması kimi təməl prinsiplərini pozmuşdur;

• Stefan Peçdimalci bu məqalədə 7 saxta məlumat yaymış, 3 məqamda ərazi adlarını təhrif etmiş və 4 dəfə Azərbaycana qarşı əsassız və saxta ittihamlar irəli sürmüşdür.


Abunəlik