Ərdoğana qarşı sui-qəsd: Gizli danışıqlar 7 illik araşdırmadan sonra deşifrə edildi
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən 7 il sonra iki kiçik zabit barəsində ittihamnamə hazırlanıb.
Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edən komandaya kömək edən həmin zabitlərin radio danışıqları 7 illik səydən sonra deşifrə edilib.
İstintaq İzmir Respublika Prokurorluğunun Terror Cinayətləri ilə Mübarizə Baş prokurorunun müavini Necati Kayaközünün koordinasiyasında aparılıb. İT mütəxəssisləri ilə səs yazısını araşdıran prokurorlar zabitlərin cinayətlərini bir-bir müəyyənləşdiriblər.
İttihamnamədəki məlumata görə, kiçik zabitlər aviabazanı uçuşlara bağlamayaraq, sui-qəsd qrupuna bundan istifadə etməyə icazə veriblər. Həmçinin onlar FETÖ üzvlərinin istifadə etdiyi təyyarələrə daşınma da təmin ediblər.
Prokurorluq kiçik zabitlərə “Türkiyə Respublikası hökumətini, Türkiyə Böyük Millət Məclisini və konstitusiya quruluşunu devirməyə cəhd etmək” ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs tələb edib.
13-cü Ağır Cəza Məhkəməsində iki müttəhimin məhkəməsi davam edir.