DYP AVRO-2020-ə görə bağlanacaq yolların siyahısını AÇIQLADI
“AVRO-2020 futbol çempionatının növbəti oyununun bu gün paytaxtın Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulub. Bu məqsədilə bütün təhlükəsizlik tədbirləri müəyyən edilərək icraya yönəldilib”.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, Olimpiya stadionu, ona bitişik olan bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülməklə gücləndirilmiş iş rejimində xidmət təşkil edilib:
“Türkiyə və digər ölkələrdən gələn çoxsaylı azarkeşlərin, qonaqların, tamaşaçıların rahat və təhlükəsiz hərəkətinin təşkil edilməsi, eləcə də qonaqpərvərlik mühitinin yaradılması üçün Bakı Şəhər Dövlət Yol Polisi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə müraciət edir.
Olimpiya stadionu və ya Böyükşor bulvarı istiqamətində olan Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu Köndələn və X.R.Ulutürk küçələrindən, eləcə də H.Əliyev prospektilə 3 saylı Asan Xidmətin inzibati binasının yanından və Hava Limanından mərkəzə doğru, H.Əliyev prospektindən Olimpiya stadionunun əsas giriş qapısı istiqamətinə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur”.
“Təkrar olaraq bildiririk ki, qeyd edilən istiqamətə futbol üzrə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələrilə bu istiqamətə doğru hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələrilə hərəkət etməyi tövsiyə edirik.
Məlum olduğu kimi azarkeşlərin Q.Qarayev metrostansiyası yanından və S.Vurğun adına parkın qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla daşınması nəzərdə tutulur. Azarkeşlərin stadiona daşınması həmçinin Koroğlu metrostansiyasından da nəzərdə tutulur.
Oyunun başlanılması pik saatına təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalını nəzərə alaraq, şəxsi avtomobillərdən istifadə etməməyi və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur“”, – deyə V.Əsədov əlavə edib.