Düşmənə bu dəfə elə bir dərs verilməlidir ki… – GƏLİŞMƏ

Baxılıb:292
Düşmənə bu dəfə elə bir dərs verilməlidir ki… – GƏLİŞMƏ

Qarabağa dair sülh danışıqları mövzusu, faktiki, siyasi gündəmdən çıxmış kimidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri pandemiyadan sonra artıq heç “radarlar”da da görünmürlər. Hərgah onların bölgəyə turist səfərləri sırf “quş qoymağa”, ATƏT-in ayırdığı vəsaiti silməyə yarayırdı.

Vəziyyəti qəlizləşdirən məqamlardan biri də Ermənistan rəsmilərinin və separatçıların davam edən davakar ritorikası, heç bir əndazəyə sığmayan həyasız iddiaları və yeni şərtləridir. Həyasızlıq o həddə çatıb ki, artıq İrəvanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı separatçı qurumda inanılmaz işğal müzakirələri gedir.

Belə ki, “Yeni Müsavat”ın Axar.az-a istinadən verdiyi məlumata görə, bugünlərdə Dağlıq Qarabağın erməni icmasının gəncləri ilə görüşündə “dqr”in “təhlükəsizlik şurası”nın “katibi” Samvel Babayan Azərbaycan ərazilərinin növbəti işğal planı çərçivəsində Goranboyu ələ keçirməyin “sərfəli olmadığını” deyib.

“Sabah müharibə başlasa və uğur qazansaq, biz Şaumyan (Goranboy) rayonunu işğal etməyəcəyik. Çünki nefti olmayan bir bölgədən ötrü qan tökmək mənasızdır. Mən onun yerinə Gəncəni işğal edərdim”, – deyə Babayan sarsaqlayıb.

Digər erməni “qəhrəmanı”, erməni silahlı birləşmələrinin veteranı Kamo Arutyunyan isə Babayanla razılaşmayıb. Onun sözlərinə görə, ermənilər Goranboyu işğal etməyə “borcludur”: “Əgər Xəzər dənizinə çatmaq istəyirsinizsə, Goranboy rayonu kimi bölgələrdən keçməli olduğunuzu bildirməliyəm. Sözügedən bölgənin iqtisadiyyatı barədə danışsaq, ora elə də zəngin deyil. Qızıl, mədən və neftə gəldikdə, orada dəfələrlə geoloji işləri aparılıb və məlum olub ki, rayonun yeraltı sərvəti yox dərəcəsindədir. Amma Goranboy yeganə bölgədir ki, buranı ələ keçirməklə Azərbaycanın əsas düzənlik mərkəzlərinə nəzarəti ələ ala bilərik. Bu ərazilərin arasına Gəncə və Mingəçəvir kimi şəhərlər də daxildir”, – deyə başı xəstə olan Kamo Arutyunyan bildirib.

Xatırladaq ki, bundan əvvəl Qarabağdakı separatçı-terrorçuların lideri Araik Arutyunyan sülh danışıqlarının dayandırılmasını, 100 minlik “xalq ordusu” yaradılmasını, həmçinin Gəncə şəhərinə zərbə endirilməsi gərəkdiyini bildirmişdi…

*****

Beləcə, erməni ictimai şüurunda kök salmış “miatsum” mərəzi və “böyük Ermənistan” patologiyası sağalmayınca Dağlıq Qarabağla bağlı dinc anlaşma mümkün olmayacaq. Demək, bölgədə böyük sülh də mümkün olmayacaq. Yaxud da sülhü yalnız Azərbaycan Ordusu bərqərar edəcək – işğalçıları gəldikləri yerədək qovmaqla, Azərbaycan torpaqlarını təcavüzkarlar üçün məzara çevirməklə.

Məntiqini itirməyən az sayda erməni təhlilçiləri də indi bunu yaxşı anlayırlar.

“Erməni şüuru ilə manipulyasiya ordan başlayır ki, Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun işğalı artıq baş vermiş və heç bir başqa dərk tələb etməyən fakt kimi bəyan edilir. Cəmiyyətin şüuruna illərdir belə bir fikir yeridilir ki, müasir dövrdə ərazilərin ələ keçirilməsi və işğalında qeyri-adi bir şey yoxdur, çünki beynəlxalq siyasətdə əsas müəyyənedici amil güc faktoru olaraq qalır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Mamikon Babayanın “Vestnik Kavkaza” portalındakı məqaləsində deyilir.

Müəllif yazır ki, erməni siyasətinin maraqlarını təmin edən yerli KİV-lər erməniləri Güney Qafqaz ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlərini təsbit edən BMT-nin mövqeyini açıq şəkildə görməməzliyə vurmağa çağırır. “Yəni belə çıxır ki, orta statistik erməni obıvateli (istər ölkənin daxilində olsun, istərsə də xaricində) Qarabağın işğalının hüquqi tərəfləri ilə qətiyyən maraqlanmamalıdır”, – deyə Babayan vurğulayıb.

Onun sözlərinə görə, separatçı liderlərin siyasətinin qəhrəmanlaşdırılması Qarabağ faciəsi ilə bağlı “düzgün” baxışı formalaşdırmaq üçün mühüm vasitədir: “İndiki Ermənistanda yalnız bu xüsusiyyət siyasi ölümsüzlük qazanmağa imkan verir. Baxın, eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyan korrupsiyaya, oliqarxik siyasətlərinə görə cəmiyyət tərəfindən rədd edilib. Amma onlar Ermənistanın informasiya məkanında qalırlar, çünki adları ”erməni hərbi şücaətinin təntənəsi” tarixinə, əslində isə Qarabağdakı təcavüz tarixinə yazılıb”.

Erməni siyasi yazarın qənaətincə, məhz bu mövzu cinayətdə təqsirləndirilən Köçəryana mediada erməni xalqı adından danışmağa imkan verir: “Eyni səbəbdən Serj Sərkisyan qəribə ifadələrlə iki illik sükutu poza bilir. Məlumdur ki, Ermənistanın üçüncü prezidenti 19 avqustdakı çıxışını belə bir tezis ətrafında qurmuşdu ki, guya o, son ananadək ”Qarabağ dövlətçiliyi”ni qoruyub və işğal altında olan ərazilərin qaytarılması məsələsini hətta Bakı yeni barışıq şərtləri imzalamağı təklif etdiyi zaman belə, yaxına buraxmayıb. İndi Ermənistanda və “DQR” ərazisində müqavilə əsasında əsgərlərin, əsasən də topçuların və snayperlərin işə cəlb edilməsi fəal şəkildə aparılır. Beləcə, İrəvan Qarabağda daha dərin səngərlər qazmağa və Azərbaycan ərazilərini atəşə tutmağa hazır olduğunu nümayiş etdirir. Kontraktçıların ailə üzvləri üçün sosial güzəştlər işğalın müddətsiz şəkildə uzanmasını, bunun nəticəsi olaraq da münaqişənin qalmasını təşviq edir”.

*****

Yaranmış durumda Azərbaycan xalqı üçün Qarabağ ixtilafının hərbi yoldan başqa həll variantı görünmür. Hazırkı situasiya həm də “tufan qabağı sakitliyi” xatırladır. Aydın məsələdir ki, Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq və İrəvan ağla gəlməzsə, bir gün özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü hərbi güc tətbiqi ilə bərpa edəcək.

Bu barədə indi yerli siyasi və hərbi ekspertlər də, əcnəbi təhlilçilər də daha ucadan danışmağa və xəbərdarlıq etməyə başlayıblar.

“Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcəyi ilə bağlı beynəlxalq qurumlara məlumat verib. Bakı hərb variantını düşünür deyə, bu gün Ermənistan və onun Qarabağda yaratdığı qanunsuz qurum özünü zəif göstərməmək üçün əks iddialarla çıxış edir”.

Bu sözləri ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov “dqr”in “təhlükəsizlik şurası”nın “katibi” Samvel Babayan və erməni “qəhrəmanı”, erməni silahlı birləşmələrinin veteranı Kamo Arutyunyanın Goranboyu ələ keçirməklə bağlı sözlərini şərh edərkən deyib.

Ş.Ramaldanov bildirib ki, Qarabağdakı qondarma rejim heç vaxt müstəqil olmayıb: “Özünü ”dqr” adlandıran qurum Ermənistanın işğalı nəticəsində qanunsuz şəkildə yaradılmış bir oyuncaqdır. Biz münaqişə tərəfi olaraq işğalçı Ermənistanla üz-üzəyik. Qarabağdakı saxta rejim özünü Azərbaycanla tay tuta bilməz. Bu qurum müxtəlif qüvvələrin sifarişini yerinə yetirir. Bu gün Samvel Babayan, Kamo Arutyunyan kimilərin belə bir ritorika ilə danışmasının bir sıra səbəbləri var. Məlum Tovuz hadisələri, daha sonra Rusiyanın dolayı yollarla Ermənistana külli miqdarda silah göndərməsi, Paşinyanın tez-tez Qarabağa səfər etməsi bu gün bu şəxslərin belə fikirlər səsləndirməsinə gətirib çıxarır”.

Polkovnikin sözlərinə görə, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı Ermənistanı çox narahat edir: “Bu gün regionda güclü bir Türkiyə-Azərbaycan əməkdaşlığı var. Əməkdaşlığın hərbi müstəvidə uğurları isə ilk növbədə Ermənistanı narahat edir. Erməni cəmiyyəti yaxşı anlayır ki, ehtimal bir lokal müharibədə onları Rusiya belə xilas etməyəcək. Rusiya Cənubi Qafqaza gələnə qədər Türkiyə Ermənistanı heç çətinlik çəkmədən ələ keçirə bilər. Buna görə də hər dəfə Türkiyə-Azərbaycan əməkdaşlığını qaralamaq üçün əllərindən gələni edirlər”.

Ekspertə görə, Samvel Babayan, Kamo Arutyunyan kimi şəxslərin fikirlərini diqqətə almalıyıq, lakin Qarabağdakı separatçıların Goranboyu və ya Gəncəni işğal etməsi iddiası boş və mənasız bir xülyadır. “Məsələ ondadır ki, heç Ermənistanın buna imkanı yoxdur. Aprel döyüşləri, Tovuz hadisələri, Naxçıvan istiqamətində gedən döyüşlər buna misal ola bilər. Düşmən hər istiqamətdə ordumuzu sınamağa, zəif bir nöqtə tapmağa səy göstərir. Lakin hər dəfə məğlubiyyətə düçar olur”, – deyə o əlavə edib.

Ancaq bu dəfə işğalçıya elə bir dərs verməliyik ki, danışıqlar masasına qaça-qaça gəlsin…
 //musavat.com//


Abunəlik