“DTX generalı Rauf Xələfov MM binasında neynirdi- Səbəb AÇIQLANDI

Baxılıb:4093
“DTX generalı Rauf Xələfov MM binasında neynirdi- Səbəb AÇIQLANDI

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin bir məlumatını oxudum… Məlum olurdu ki, internet resurslarında kimlərsə iyulun 14-də gecə saatlarında bir qrup şəxsin təxribat məqsədilə Milli Məclisin binasına daxil olması təxribatını Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Rauf Xələfovla əlaqələndirilməsinə dair absurd, heç bir əsası və məntiqi olmayan fikirlər səsləndirməkdədir. DTX-nın saytı yazır: “Bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidmətinin adı çəkilən əməkdaşının digər hüquq-mühafizə orqanlarının işçiləri ilə həmin vaxt xüsusi mühafizə obyekti olan Milli Məclisdə olması xidməti vəzifələrin icrasından irəli gəlmişdir. Ayrı-ayrı sosial şəbəkə və media resurslarında bilərəkdən qərəzli məqsədlər üçün belə məlumatları yayanlar, heç şübhəsiz, düşmən və anti-Azərbaycan qüvvələr tərəfindən idarə olunduqlarını və onların sifarişlərini yerinə yetirdiklərini aydın şəkildə bir daha sübut edirlər. Milli Məclisin binasında avadanlıq və inventarların sıradan çıxarılmasında və digər pozucu hərəkətlərdə iştirak etmiş şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar. Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı heç bir təxribata uymamağa və dövlətçilik mövqeyindən çıxış etməyə çağırır”.

…Bəlkə də aşağıdakı qeydləri heç vaxt yazmazdım, əgər Rauf Xələfovu qiyabi də olsa, tanımasaydım. Ola bilsin çoxları bilmir ki, general Rauf Xələfov uzun illər Azərbaycanın yol-tikinti və yüngül sənaye sahələrində rəhbər vəzifələrdə çalışmış, təəssüflər olsun ki, cəmi 59 il yaşamış, elə Qarabağ, Ağdam dərdini ürəyinə ağır bir dərd kimi salaraq infark keçirərək vəfat etmiş Rafiq Xələfovun oğludur.

Rauf Xələfovu da elə 1998-ci ildə Mərkəzi Klinik Xəstəxananın həyətində, burada müalicə olunan atasına baş çəkmək üçün gələndə görmüşdüm.

Rafiq müəllim olduqca vətənpərvər, vətənsevər bir insan idi. Elə onunla yaxın münasibətimiz də buradan körpülənmişdi. Hardasa Bakının sərin aylarının birində ənənəvi olaraq zəng etdi, gördüm kefi yoxdur. Hal-əhvalın mübtədası əsirlikdəki Qarabağ barədə olurdu. Bu dəfə də elə oldu… Sonra məlum oldu ki, xəstələnib, ürək ağrılarından müalicə olunur, Mərkəzi Klinik Xəstəxanadadır. “İndi dərdini danışmağa da inanılan adam qalmayıb… Ürəyim səni istəyir, gələ bilərsən?”. Təbii ki, dərhal redaksiyadan çıxıb MKX-nə gəldim. Xəstəxananın dənizə baxan həyət hissəsində skamyaların birində oturmuşdu, dənizə baxırdı… Nəsə bərk dolmuşdu. Gördüm ki, kövrək hisslərlə baş-başadır. Mehriban üzünə çökmüş bu dumanlı və kövrək hissləri qovmaq üçün zarafata keçdim, “Deyəsən, bu gecə Ağdamı yuxuda görmüsünüz, haralara baş çəkdiniz???”, – deyəndə gözünü silib gülümsədi…

Xeyli söhbət etdik. Ağdamlı, Şuşalı… günlərindən başlayıb, 1995-ci ilin mart hadisələrinədək, gəlimli-gedimli dünyanın vəfasızlığından, xüsusən də vəfasız, təmənnalı insanlardan danışdı. Və həm də elə hadisələrdən və bu hadisələrin qəhrəmanlarından danışdı ki, bu yazıda deyə bilmərəm.

Söhbətimizin bir məqamında oğlu Raufdan danışdı… Dedim ki, görüşməmişəm, tanımıram. Dərhal zəhg etdi, Raufu yanına çağırdı. Az keçmiş Rauf gəldi. Hündürboy, elə Rafiq müəllimin özü kimi boy-buxunlu, yaraşıqlı bir gənc ilk görüşdən məndə xoş təəssürat yaratdı. Tanış olduq. Sonra yola düzəlib getdi… Və Rauf Xələfov o vaxtdan yaddaşımda belə-Vətən dərdini içində çəkən mərd, Azərbaycan sevgili Rafiq Xələfovun oğlu kimi qaldı!

…Rafiq Xələfovu daha yaxından tanımayanlar üçün bir məqamı da mütləq deməliyəm. Rafiq müəllim baxmayaraq ki, nazir idi, “Xalq üçün mallar” Dövlət Konserninin idarə heyətinin sədri vəzifəsində çalışırdı, sonralar isə baş nazirin müavini idi, amma vətənpərvər keyfiyyətləri onu dinc buraxmırdı. O, dövləti vəzifəsininin gərginliyinə baxmayaraq Qarabağ bölgəsindən olan qəzet baş redaktorlarını Bakıdakı restoranların birinə yığıb bizə tövsiyyələrini verirdi. Təşkilatçılardan biri də tanınmış hüquqşünas Adil Minbaşı idi.

Rafiq müəllimin əsas tövsiyyə və tapşırığı isə Qarabağı unutdirmamaq, gənclərimizi işğal olunmuş torpaqlarımızın azadlığına səfərbər etmək idi. Hətta yadımdadır ki, uzun müddət “Qarabağ” qəzetinin sponsorluğunu məhz bu niyyətlə Rafiq müəllim öz üzərinə götürmüşdü… Biz jurnalistlərlə belə görüşlər demək olar hər ay olardı. Onun hər bir görüşün sonunda üzünü bizə tutaraq “Qarabağı heç vaxt o qorxaq ermənilərdə qoya bilmərik, tarix bizi lənətləyəcək!”, -deyərək söylədiyi tövsiyyələri- ürəyindən keçən bu müqəddəs arzuları heç vaxt yadımdan çıxmır. O mənada ki, adətən məmurları, xüsusən də böyük statuslu belə şəxsləri kabinetdən kənarda görməyə alışmadığımız bir vaxtda Rafiq Xələfovun belə görüşlərə saatlarla vaxt tapması bizim üçün olduqca göydəndüşmə, həm də maraqlı və dəyərli idi.

Bunları deməkdə sözümün canı var: iyulun 14-dəki Qarabağ ruhlu o möhtəşəm yürüşdə inanıram ki, Rafiq müəllimin arzuları dolaşırdı. Bəs baş verən təxribatlarda onun oğlu Rauf Xələfovun adını çəkmək nə dərəcədə ədalətlidir?! Rafiq Xələfov kimi bir dövlət xadiminin-Vətən istəkli bir ailənin oğlu heç belə təxribatçı niyyətlərdə ola bilərdimi?

Bilmirəm, Rauf Xələfovun adının bu cür hallandırılmasında məqsəd nədir, amma onu bilirəm ki, belə saf və Azərbaycan dərdindən, Qarabağ, doğulduğu Ağdam nisgilindən ürəyi tab gətirməyən bir atanın oğluna şər atmaq yolverilməzdir, günahdır. Hansı ki, həyat fəlsəfəsinə görə də ən böyük günahkar indi bizim özümüzük ki, 30 ilə yaxındır Qarabağın əsirlikdə olmasına dözürük!

Asif Mərzili,

“Təzadlar” qəzetinin baş redaktoru


Abunəlik