Dövlətimizin göstərdiyi siyasi və milli iradə Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə xidmət edir

Baxılıb:266
Dövlətimizin göstərdiyi siyasi və milli iradə Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə xidmət edir

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə ədəbiyyatımıza, incəsənətimizə, dilimizə daim xüsusi diqqətlə yanaşmış, öz qayğısını əsirgəməmişdir. Hər bir fəaliyyət sahəsi ilə dərindən maraqlanan, incə məqamlar belə gözündən qaçmayan dahi şəxsiyyət bütün bu sahələrlə bağlı hər zaman öz nəzəri əhəmiyyətini qoruyub saxlayan fikirlər söyləmişdir.
Respublikamızda dövlət dil siyasəti Ümummilli Liderimizin adı ilə bağlıdır. Ulu öndər dil siyasətinə dövlət siyasətinin tərkib hissəsi kimi baxmış, dil siyasəti ilə bağlı dəfələrlə tarixi əhəmiyyətli qərarlara imza atmışdır. Həm sovetlər dönəmində, həm də müstəqilliyimizi əldə etdikdən sonra dilimizin keçdiyi inkişaf yoluna və bugünkü səviyyəyə, bugünkü inkişaf səviyyəsinə diqqət yetirsək, dilimizlə bağlı dahi Heydər Əliyevin xidmətlərinin nə qədər misilsiz olduğunu açıq-aydın görərik.
Dilimizlə bağlı ən mühüm tarixi hadisə 1969-cu ildə hakimiyyətə gələn ulu öndərimiz Heydər Əliyevin elmi ictimaiyyəti və ziyalı təbəqəni cəlb etmək üçün təşkilati işlər apararaq, hətta öz taleyini risk altına ataraq 1978-ci ildə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmağa, Konstitusiyanın 73-cü maddəsində bunun təsdiqinin tapılmasına nail oldu. Bu addımla Ulu Öndərimiz milli dirçəlişin əsasını qoymuş oldu.
Qeyd etmək yerinə düşər ki, keçmiş sovetlər birliyində Azərbaycan dövlət dili barədə Konstitusiyasında maddə olan azsaylı respublikalardan biri idi.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra da dahi liderimiz dilimizlə, onun saflığı, qorunması ilə bağlı mühüm əhəmiyyətli tədbirlər görmüşdür. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olunmuşdur. Konstitusiyanın 21-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
18 iyun 2001-ci ildə Ulu Öndər “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayaraq Azərbaycan dilinin milli mənəvi, siyasi-hüquqi bərpası istiqamətində mühüm addım atmış oldu. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, onun geniş tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qəti qərara alınmışdır. 9 avqust 2001-ci ildə “Azərbaycan Əlifbası və Azərbaycan Dili gününün təsis edilməsi haqqında” Fərmanı ilə bu tarix xalqımızın əlamətdar bayramları sırasına daxil olmuşdur.
Bu gün Prezidentimiz İlham Əliyev tərəfindən dövlətçilik siyasətimizin mühüm bir tərkib hissəsi olan dil siyasəti uğurla davam etdirilir. Onun ana dilinin dövlət dili kimi maneəsiz işləkliyi üçün göstərdiyi siyasi və milli iradə Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında yüksək mövqe qazanmasına xidmət edir. Prezidentimizin 12 yanvar 2004-cü il tarixində “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 14 yanvar 2004-cü il tarixində “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 30 dekabr 2007-ci il tarixində “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” imzaladığı Sərəncamlar ana dilimizə yüksək qayğının bariz nümunələridir.
Qeyd edək ki, 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan dilinin tətbiqi və inkişafı üçün yeni bir addım olmuşdur.
Dövlət başçımızın həyata keçirdiyi dil siyasəti Azərbaycan dilinin bütün ölkə miqyasında – mədəniyyət, elm, iqtisadiyyat, hərb, səhiyyə, siyasət, tədris və təlim sahəsində tətbiq olunmasına xidmət edir.

Emin Əliyev
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi AzTimes.az


Abunəlik