“Dövlət tərəfindən təyin olunan 190 manatı ala bilmədim” – GİLEY
“İki aydır ki, dövlət tərəfindən mənə təyin olunan 190 manat birdəfəlik ödəməni ala bilmirəm. Aidiyyətli qurumlar müxtəlif bəhanələr gətirib, pulumu vermədilər”. DİA.AZ bildirir ki, bunu Göyçay şəhər sakini, Məhəmmədəmin Rəsulzadə küçəsi, ev 44 ünvanında yaşayan Aqil Məmmədov Ramiz oğlu deyir. Söyləyir ki, mövcud pandemiya ilə əlaqədar işsiz qaldığı üçün bu ilin martında 190 manat birfədəflik ödəmə almaq məqsədilə “www.e-sosial.az” portalından qeydiyyatdan keçib və müsbət cavab alıb. Birinci dəfə ona pul aprel ayında təyin olunub:
“Pandemiya ilə əlaqədar bir çoxu kimi mən də işsiz qalmışam. Əvvəllər Bakıda restoran və kafelərdə ofisiant işləyirdim. Karantindən sonra iaşə obyektləri bağlandığü üçün məcbur olub rayona qayıtdım. Rayonda da iş olmadığına görə hazırda işsizəm. Dövlət tərəfindən 190 manat birdəfəlik ödəmə ilə bağlı qərar veriləndən sonra mən də onlayn müraciət etdim, müsbət cavab aldım. Mənə “www.e-sosial.az”dan mesaj gəldi ki, “Azərpoçt”un poçt şöbələrinə yaxınlaşıb 190 manatı alım”.
Aqil Məmmədov deyir ki, karantin müddətinin bu qədər uzanacağını heç ağlına gətirməyib. Martın 13-də Göyçaya, ailəsinin yanına gedəndə də əşyalarını, həmçinin şəxsiyyət vəsiqəsini Bakıda kirayə qaldığı evdə qoyub: “Yollar bağlanmışdı, Bakıya gediş-gəliş çətinləşmişdi. Göyçay Rayon Mərkəzi Poçtuna yaxınlaşıb, sənədin şəklini təqdim etdim. Pulu vermədilər, dedilər ki, şəxsiyyət vəsiqəsinin özü olmalıdır. Bir aya yaxın gözlədim, sonra vəsiqəm gəldi. Təkrar mərkəzi poçta getdim, orada mənə müxtəlif bəhanələr gətirdilər. Əvvəlcə dedilər ki, sizin adınıza pul köçürürlməyib. Daha sonra da dedilər ki, siz artıq pulu almısınız. Nə qədər çalışsam da, nəticəsiz qaldı, pulu ala bilmədim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – “Çağrı mərkəzi”nə zəng vurdum. Problemimi bildirdim, dedilər ki, məsələni araşdırıb, 15 gün ərzində sizə məlumat verəcəyik. Təəssüf ki, çox gözləyəsi oldum, mənə heç bir məlumat verilmədi. Dəfələrlə yığdım, xətt məşğul oldu, danışa bilmədim. Bununla da aprel ayı üçün dövlət tərəfindən mənə təyin olunan 190 manatı ala bilmədim”.
Aqil Məmmədova “www.e-sosial.az”dan ikinci dəfə mesaj mayın əvvəlində gəlib. Vətəndaşa bu dəfə təyin olunmuş birdəfəlik ödəməni almaq üçün “Kapital Bank”ın filialına yaxınlaşmaq tövsiyə olunub: “Kartı almaq üçün “Kapital Bank”ın rayon üzrə filialına yaxınlaşdım. Bankda əvvəlcə dedilər ki, sizinlə bağlı sistemdə məlumat yoxdur. Daha sonra isə dedilər ki, pul artıq götürülüb. Halbuki, mən indiyədək bir manat pul almamışdım. Yenidən mərkəzi poçta yaxınlaşdım ki, bəlkə birinci ayın pulunu ala bilim. Orada da dedilər ki, sistemdə adınız yoxdur, silinib və yaxud pul götürülüb. Tam dəqiq məlumat vermədilər. Bundan sonra Göyçay Rayon Məşğulluq Xidmətinə yaxınlaşdım ki, bəlkə problemimi onlar həll edərlər. Sistemdə yoxlayıb, dedilər ki, 600 min içərisində ad-soyadınız yoxdur. Bu, nə deməkdir, anlamıram. Mənə həm aprel, həm də may ayı üçün “www.e-sosial.az”dan mesaj gəlib ki, pulu alın. Amma aidiyyətli qurumlara gedirəm, gah haqqımda sistemdə məlumat çıxmır, gah da deyirlər ki, aprel ayında siz pulu almısınız”.
Hazırda işsiz olan Aqil Məmmədov deyir ki, “Kapital Bank”la Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – “Çağrı mərkəzi”ndə problemini həll etmirlər: “Pulu niyə vermədikləri ilə bağlı heç bir səbəb göstərmədilər. Bəs yaxşı, telefonuma pulu almaqla bağlı niyə mesaj gəlib? Belə haqsızlıq olmaz. Ailədə dörd nəfərik. Atam 2006-cı ildə vəfat edib. Hazırda əmimin himayəsində yaşayırıq. Mən işsizəm, böyük qardaşım da iş olandan-olana işləyir. Kiçik qardaşım marketdə satıcı işləyir, ayda 200 manat pul alır. Anam da işləmir. Bu müddət ərzində kimdənsə borc almaqla dolanıram”.