Dövlət qurumlarından meşə yanğınları ilə bağlı MÜRACİƏT

Baxılıb:144
Dövlət qurumlarından meşə yanğınları ilə bağlı MÜRACİƏT

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri birgə müraciət yayıb.

Müraciətdə deyilir:

“Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür.

Ölkə ərazisində yanğın hadisələrinin baş verməməsi üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri fermerlərə, bələdiyyə və icra orqanları nümayəndələrinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, ümumilikdə əhaliyə müraciət edir ki, əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, biçindən sonra sahələrə od vurmasınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Çünki cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olar, meşə sahələrinin, flora və faunanın məhvi ilə nəticələnər.

Aparılan təhlillər göstərir ki, meşə sahələrində baş vermiş yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, biçindən sonra sahələrə od vuran fermerlərin, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsızlığından baş verir.

Qeyd edək ki, isti yay günlərinin və taxıl biçini mövsümünün başlaması, eyni zamanda insanların təbiət qoynuna üz tutması yanğınların başvermə ehtimalını artırır. Yanğın hadisələrinin baş verməməsi üçün hər kəsi bir daha yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırırıq”.


Abunəlik