Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb – Diqqət!
Cari ilin 28 sentyabr tarixindən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start veriləcək.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Müsabiqə dörd mərhələdən ibarətdir: elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə.
Müsabiqəyə elektron sənəd qəbulu mərhələsi 28 sentyabr – 2 oktyabr, test imtahanı mərhələsi oktyabr ayının birinci yarısında, müsahibə mərhələsi noyabr-dekabr aylarında, vakansiyalara yerləşdirilmə isə 2021-ci ilin yanvar ayında həyata keçiriləcək.
Qeyd edək ki, direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID 19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə ilə bağlı hər hansı sual yarandığı təqdirdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +99470 248 19 92 “Whatsapp” nömrəsi ilə əlaqə saxlamaq mümkündür.