“Dinamo”nun baş məşqçisi: “Qəbələ” güclü rəqibdir”
AzTimes.az xəbər verir ki, iyulun 25-də UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Dinamo” Tbilisi oyunu öncəsi hər iki komandanın baş məşqçilərinin mətbuat konfransı olub. Bu gün Qəbələ şəhər stadionunda əvvəlcə Gürcüstanın “Dinamo” komandasının baş məşqçisi Feliks Visente Miranda jurnalistlərin suallarını cavablandırıb. O, bildirib ki, “Qəbələ” güclü rəqibdir, Avropa Liqasında təcrübəsi olan komandadır: “Biz onlara qarşı oyunda diqqətli olmalıyıq. Komandanın heyətində Fernan Lopes yaxşı oyunçulardandır. Deyə bilərəm ki, sabah bizi çox çətin və gərgin bir oyun gözləyir”. İspaniyalı məşqçi APA-nın müxbirinin “Qəbələ”nin “Dinamo”nu 5 il öncə Avropa Liqasında məğlub edərək mübarizədən kənarlaşdırması ilə bağlı sualını cavablandırarkən deyib ki, indi dövr fərqlidir: “Rəqib komanda barədə çox məlumat toplamışıq. “Qəbələ”nin güclü olduğunu bilirik. Amma biz sabahkı görüşün əhəmiyyətini yaxşı dərk edirik. Qarşılaşmaya həddindən artıq motivasiyalı hazırlaşmışıq. Rəqibimizi tanıyırıq və onları analiz etmişik. Bizdə revanş hissi yoxdur. Belə şeylər haqqında düşünmürük. Bizim üçün önəmli olan sabahkı oyunu fikirləşməkdir. Başqa hissləri bu oyuna qatmaq istəmirik. Biz oyuna qələbə üçün çıxacağıq”. V. Miranda komandaya qoşulan yeni oyunçulardan razı olduğunu da diqqətə çatdırıb. Qeyd edək ki, “Qəbələ” – “Dinamo” oyunu iyulun 25-də Qəbələ şəhər stadionunda saat 19:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Tbilisidə olacaq.
Davud Tarverdiyev /AzTimes.az/