DİN-dən qardaşların polis şöbəsində döyülməsi ilə bağlı AÇIQLAMA

Baxılıb:2210
DİN-dən qardaşların polis şöbəsində döyülməsi ilə bağlı AÇIQLAMA

Cəlilabad rayon sakini Toğrul Rizvanlı iddia edir ki, onu və qardaşını Rayon Polis Şöbəsində döyüblər. 

O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb. 

Bildirib ki, Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini Rövşən Quliyev onun əlini və qollarını bağlayaraq işgəncə verib:

“Mənim boynuma təpik vurdular, başım yerə dəydi”.

Oxu.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdi.

Hüquq-mühafizə oraqanından bildirildi ki, Cəlilabad rayon sakini Toğrul Rizvanlının Polis Şöbəsində döyülməsi ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Bakı şəhər sakini olan bir nəfər şəxs Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edərək rayon sakini olan Toğrul Rizvanlının onun həyat yoldaşına zəng edərək etikadan kənar ifadələr işlətdiyini, bunun səbəbini öyrənmək üçün həmin şəxslə görüşdükdə isə T.Rizvanlının bir neçə tanışı ilə birlikdə onu vuraraq xəsarət yetirdiklərini bildirib:

“Müraciətlə əlaqədar Cəlilabad RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırma zamanı T.Rizvanlı şöbəyə dəvət olunub. Qardaşı ilə birlikdə Cəlilabad RPŞ-yə gələn həmin şəxs şöbənin inzibati binasına daxil olan kimi uca səslə nalayiq ifadələr işlədib.

Bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının üzərinə hücum çəkərək onların ünvanına xoşagəlməz ifadələr işlədib, xidməti otaqlardan birində stolları aşıraraq normal xidməti fəaliyyətin pozulmasına yönəlmiş hərəkətlər edib”.

Qeyd edilib ki, faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Abunəlik