DİN-dən keçmiş hərbçinin ittihamlarına CAVAB
DİN Mətbuat Xidmətindən AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şirvan şəhər sakini Nazir Cəfərov Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissəsində xidmət edib. Sağlamlığı yoxlanılıb, 2020-ci il 04 aprel tarixindən 6 may tarixinədək Şirvan Diaqnostika Mərkəzində stasionar müalicədə olarkən “qarın boşluğunun drenajı” əməliyyatı aparılıb.
Əməliyyatdan 7 gün sonra bağırsaq keçməzliyinə görə daha bir cərrahi əməliyyat icra olunub. Onun əməliyyatı üçün Bakı şəhərindən, yəni Daxili Qoşunların Hərbi Hospitalından həkim briqadası Şirvan şəhərinə ezam olunub və əməliyyat uğurla yerinə yetirilib.
Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli Qərarının və Azərbaycan Respublikası daxili işlər nazirinin 03 oktyabr 2008-ci il tarixli Əmrinin müvafiq tələblərinə uyğun olaraq 21 may 2020-ci il tarixdə Daxili Qoşunların Hərbi Həkim Komissiyası tərəfindən Nazir Cəfərovun həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız olması, eləcə də xəstəliyin hərbi xidmət dövründə alması barədə qərar qəbul olunub.
Vətəndaş Nazir Cəfərovun müvafiq dövr ərzində bütün müraciətlərinə Daxili Qoşunların Baş İdarəsi tərəfindən baxılıb, mövcud qanunvericiliyin tələblərinə əsasən xəstəliyə görə əlilliyin müəyyən edilməsi və bununla bağlı pensiya təyin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olduğundan, qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşın adıçəkilən nazirliyə müraciət etməsinin məqsədəmüvafiq olması rəsmi qaydada nəzərinə çatdırılıb.
AzTimes.az