DİN əməliyyat kecirdi- Dələduz saxlanıldı

Baxılıb:179
DİN əməliyyat kecirdi- Dələduz saxlanıldı

Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən bir nəfər şəhər sakini təqaüdünü almaq üçün bankomata yaxınlaşdığını, tanımadığı şəxsdən kömək istədiyini, lakin sonuncunun kartda pul olmadığını deyərək kartı qaytardığını, təqaüdlə bağlı banka müraciət edən zaman isə ona kart hesabında olan məbləğin çıxarıldığı barədə məlumat verildiyini bildirib. Bir müddət sonra eyni məzmunlu şikayətlə əlavə bir neçə şəhər sakini də polis şöbəsinə müraciət edərək, onlara qarşı dələduzluq edildiyi barədə məlumat veriblər.
Şirvan SPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Namiq Bədəlov saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı o törətdiyi əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, N.Bədəlov təqaüdlərin verildiyi tarixlərdə guya yaşlı insanlara kömək məqsədilə bankomatların qarşısında dayanıb, kömək istəyən şəxslərin kartlarında olan pulları çıxarıb, vətəndaşlara isə kart hesablarında pul olmadığını deyərək kartlarını geri qaytarırmış. Bundan əlavə, bir neçə zərərçəkənin kartını qaytaran zaman onlara başqa kart verib, hesabda olan pulları isə özünə məxsus kartlara köçürüb.
Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Əgər N.Bədəlovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.


Abunəlik