Diabetin gözlənilməz yeddi erkən əlaməti açıqlandı

Baxılıb:59
Diabetin gözlənilməz yeddi erkən əlaməti açıqlandı

“Diabet çox “hiyləgər” bir xəstəlikdir və uzun müddət simptomsuz qala bilər. Lakin bu xəstəliyin inkişafını göstərə biləcək bəzi erkən əlamətlər mövcuddur”.

Bu barədə rusiyalı endokrinoloq Nataliya Tananakina gazeta.ru-ya açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, diabetin ən erkən əlamətlərindən biri daimi susuzluqdur. Qanda qlükoza səviyyəsi artdıqda, orqanizm şəkər artıqlığını durulaşdırmaq üçün daha çox mayeyə ehtiyac duyur.

“Bu, ikinci əlamətin – tez-tez sidik ifrazının səbəbi olan birinci əlamətdir. Orqanizm artıq qlükozadan xilas olmağa çalışdığı üçün böyrəklər onu sidik vasitəsilə süzməli olur. Bu isə daha tez-tez sidik ifrazına gətirib çıxarır ki, bu da öz növbəsində susuzluğu artırır. Bu təkrarlanan vəziyyət diqqət yetirilməli olan bir həyəcan siqnalıdır”, – deyə həkim bildirib.

Tananakina diabetin üçüncü əlamətinin cinsiyyət orqanlarında qaşınma olduğunu vurğulayıb.

“Yüksək şəkər səviyyəsi mikroblar və göbələklər üçün əlverişli mühit yaradır ki, bu da qaşınma və qıcıqlanmaya səbəb olur. Bu halda hətta ciddi gigiyena belə həmişə kömək etmir, çünki əsas səbəb sidiklə ifraz olunan qlükozanın tərkibidir”, – deyə mütəxəssis izah edib.

Həkim dördüncü əlamət kimi gözlənilməz çəki itkisini qeyd edib:

“Diabet zamanı insulin çatışmazlığı səbəbindən hüceyrələr qlükozadan lazımi enerjini ala bilmir. Buna görə də, orqanizm yağ ehtiyatlarından istifadə etməyə başlayır ki, bu da çəki azalmasına səbəb olur”.

Mütəxəssis yaraların sağalmasında problemlərin xəstəliyin beşinci əlaməti olduğunu bildirib.

“Diabet zamanı yaralar, kəsiklər və cızıqlar xeyli gec sağalır və daha tez-tez iltihablanır. Diabetiklərdə dəri iltihabi proseslərə və səpkilərə meyilli olur”.

Altıncı əlamət kimi daimi yorğunluğu, yeddinci simptom olaraq isə görmə problemlərini göstərib.

“Diabetli insanlar tez-tez iş qabiliyyətinin azalmasından və enerji çatışmazlığından şikayətlənirlər. Yüksək qlükoza səviyyəsi, həmçinin görmədə müvəqqəti dəyişikliklərə, məsələn, bulanıqlıq və ya gözlərin qarşısında “duman” hissinə səbəb ola bilər. Bu simptomlar şəkərin büllura təsiri ilə əlaqədardır, lakin adətən şəkər səviyyəsi sabitləşdikdə keçib gedir”, – deyə həkim bildirib.

Nataliya Tananakina bu əlamətlərin hər birinin ayrı-ayrılıqda diabetin tam təsdiqi olmadığını, lakin onların birləşməsi həkimə müraciət edib lazımi müayinələrdən keçmək üçün ciddi bir siqnal olduğunu vurğulayıb.


Abunəlik